BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablar sırasında akademik Teymur Kərimlinin “Nizami və tarix” monoqrafiyası da var.
Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 19 yanvar 2020-ci il tarixli, 1 saylı iclasının qərarı ilə nəşr olunub.
Monoqrafiyada Nizami Gəncəvinin yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə problemi müxtəlif rakursdan nəzərdən keçirilib və bunun şairin ideya-estetik qayəsinə xidmət səviyyəsi müəyyənləşdirilib. Kitabın yenidən işlənilmiş 2-ci nəşri böyük Azərbaycan şairinin 880 illik yubileyi münasibətilə işıq üzü görüb.
Nəşrin girişində niderlandlı filosof, professor Yohan Höyzinqanın “Yeninin meydana çıxması – bizim ruhumuzun keçmişdə ən çox axtardığı bu deyilmi! Biz hər hansı zaman kəsiyinə – gələcəkdə baş verəcək hadisələrin gizli vədi kimi baxırıq…” sözləri verilib.
Kitabda “”Xəmsə”nin yazıldığı tarixi şərait”, “Nizami yaradıcılığında antropomorf cizgilər kəsb etmiş Tanrı obrazı ilk tarixi şəxsiyyət kimi”, “Nizaminin məmduhları”, “”Xəmsə”də hökmdar surətlərinin tarixi təkamülü” və s. başlıqlar yer alıb.
Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.