BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən “Vatan uchun jon fido qilgan qahramonlar” (“Vətən üçün can fəda edən qəhrəmanlar”) adlı kitab özbək dilində işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə bildirilir ki, kitab “tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşrdə birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İ.Aznaurovun həyatı və döyüş yolundan bəhs edir. Kitabda milli qəhrəmanın ailəsi, yaxınları, cəbhə yoldaşları ilə yanaşı Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında da geniş məlumatlara yer verilib. Müəllif kitabda erməni daşnakları tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də danışır. Nəşrdə, həmçinin Milli Qəhrəmanın dostları, ailə üzvləri, silahdaşları, yaxınlarının onunla bağlı xatirələri verilib”.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Sözügedən kitab gənc nəsillərə Vətənə sədaqət, xalqa məhəbbət, vətənpərvərlik hissləri aşılayan nəşr nümunəsi kimi də oxuculara tövsiyə olunur.
Nəşrin ön sözünün müəllifi Özbəkistandakı AMM-nin direktoru Samir Abbasovdur.
Kitabın yaxın zamanlarda Özbəkistanda və Azərbaycanda geniş təqdimat mərasimi də planlaşdırılır.
Əlavə edək ki, İ.Aznaurov Özbəkistanda doğulub. Taleyi onun ömrünü sonradan Azərbaycana bağlayıb. O da Vətən dediyi Azərbaycanın ərazi bütövlüyü uğrunda cəsarətlə vuruşub və şəhid düşüb. Ona həmin qanlı-savaşlı günlərdə “topçu İsgəndər” deyirdilər və adı sağlığında əfsanəyə çevrilmişdi.