BAYRAQDAR MEDİA – Laçın deyəndə ağlıma iki ad gəlir. Əlbəttə, söhbət müasirlərimizdən gedir. Bunlardan biri mərhum sənətçi, Laçına aid o möhtəşəm mahnının bəstəçisi və ifaçısı Məhəbbət Kazımovdur. O, “Laçınım” mahnısını elə bir yanğı ilə ifa edərdi ki, istər-istəməz gözlərim yaşarardı. Elə indi də. Başqaları da bu mahnını ifa edir. Yaxşı ifa edənlər də az deyil. Amma Məhəbbətin yerini heç kim vermir. Yəqin ki, verə də bilməyəcək…
Məhəbbət Laçını – öz yurdunu çox sevərdi. Laçınla nəfəs alardı. Həm də təkcə Laçın deməzdi. O, bir də Təbriz həsrətli idi. Amma nə yazıq ki, ömür vəfa etmədi. Məhəbbət cismən Laçına dönə bilmədi. Əminəm ki, onun ruhu indi Laçın dağlarındadır və rahatdır…
İkinci Laçınlı isə Arif Paşadır. Məşhur hərbi komandir, Laçın uğrunda döyüşlərdə kişi kimi döyüşmüş, buna görə xəyanətə uğramış Arif Paşa. Onunla şəxsən tanışam. Münasibətlərimiz yaxşıdır. Ara-sıra əlaqə saxlayırıq. Arif Paşa diqqətimi sadəcə bir vətənpərvər döyüşçü deyil, özünə, əməllərinə əmin-arxayın birisi kimi də çəkib.
…Arif Paşa 1993-cü ildə həbs edilmişdi. Prosesləri izləyən birisi kimi yaxşı yadımdadır. Bir müddət sonra – 1994-cü ildə bir qrup məhbus ovaxtkı Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaç(ırıl)mışdı. Arif Paşa da onların arasında idi. Amma o, bu qaç(ırıl)madan imtina edərək könüllü şəkildə ədalətli məhkəmə tələb etmişdi. Və 1995-ci ildə bəraət almışdı. Halbuki ona yüklənən maddələrdə ölüm hökmü belə nəzərdə tutulurdu…
Arif Paşa da Məhəbbət Kazımov kimi Laçını görə bilmir. Məhəbbət Kazımov haqq dünyasındadır, bunu anlayırıq. Amma Laçın üçün bir zamanlar canını vermiş, indinin özündə də verməyə hazır olan Arif Paşanın hələ də Laçına gedib çıxa bilməməsi heç yaxşı hal deyil…
Avqustun 26-da Azərbaycan xalqı olaraq Laçının şəhər gününü qeyd elədik. Bir müddət öncə Prezident İlham Əliyev Ermənistanın işğalından azad edilmiş şəhərlərin günlərinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdı.
Sərəncamla Laçının şəhər günü 26 avqusta uyğun gəlirdi. Çünki məhz həmin gün, bir il öncə – 2022-ci ildə Laçın Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətindən dövlətimizin nəzarətinə keçməklə işğaldan birdəfəlik azad olmuşdu…
Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Laçının şəhər günündə Laçında oldu. Möhtəşəm tədbirlərlə qeyd edildi şəhər günü. Düşmənə göz dağı, dosta güvən verdi bu törənlər. Hələ orada məskunlaşan, yurdlarına geri dönmüş sakinlərin gözlərindəki sevinc nəyə desən dəyərdi.
Prezident İlham Əliyev törəndəki çıxışında bir daha xatırlatdı ki, o, həmişə əmin olub ki, Laçına qayıdacağıq. Qayıtmaq nədir, Laçını yenidən və daha abad bir şəkildə quracağıq.
Elə olmadımı?
Oldu!
Bu gün Laçın da Ermənistanın işğalından azad edilmiş digər torpaqlarımız kimi küllərindən doğur, dirçəlir, daha abad, daha gözəl bir yurd yeri kimi dünyaya təqdim edilir.
Laçın da daxil olmaqla o torpaqlarımız düşmən tapdağından igid oğullarımızın canı-qanı bahasına, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən müdrik siyasəti sonucu azad edildi!
Biz qürurluyuq! Ona görə qürurluyuq ki, o torpaqları düşməndən masa arxasındakı danışıqlar nəticəsində deyil, bir xalq olaraq öz qolumuzun gücünə geri aldıq!
Bu gün Laçın azaddır. Onun azad halını görmək bizi çox qürurlandırır. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, ayrı-ayrı xadimlərin orada görünməsi, xalqla iç-içə olması əvəzedilməz, inanılmaz hisslərə səbəb olur.
Haşiyə: Taleh adlı bir tələbə yoldaşım var. Laçınlıdır. Fəal vətəndaş mövqeyi ilə seçilir. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatla müharibə başa çatandan sonra bir qədər kədərli idi. Çünki həmin bəyanata görə, işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonları tam olaraq düşməndən azad ediləcəkdisə, Laçın şəhərinin özü hələ bir müddət bizim nəzarətimizdən kənar olacaqdı. Dostumuz buna görə kədərli idi. Yadımdadır, onda əminliklə demişdim ki, narahat olma, tezliklə Laçın şəhəri də bizim nəzarətimizdə olacaq. Elə də oldu. Hətta Laçın şəhəri işğaldan azad edilmiş rayon mərkəzləri arasında məskunlaşdırılan ilk yaşayış məntəqəsi oldu…
Səsimiz Laçından gəlir. “Laçınım” azaddır. Ona görə azaddır ki, biz ötən 28 illik işğal dönəmində bir gün belə düşünmədik ki, o torpaqlar – yurd yerləri əbədi olaraq düşmən tapdağında qalacaq. Həmişə inandıq, əmin olduq ki, Azərbaycan məhz öz gücünə qədim yurd yerlərimizi Ermənistanın işğalından azad edəcək…
Azad Laçında şəhər gününün qeyd edilməsi, Müzəffər Ali Baş Komandanın oradakı möhtəşəm çıxışı. Xəyal kimidir, deyilmi? Amma gerçəkdir! Demək ki, illərdir “bir gün Laçında görüşərik” deməklə biz o günü yaxınlaşdırmışıq, gerçəkləşdirmişik…
Şuşa, Laçın, digər torpaqlarımız azaddır. Xankəndidə bir ovuc erməni qalıb. Onlar da oradakı kriminal dəstənin, eyni zamanda sülhməramlı adı altında torpağımıza yerləşdirilən urusların girovudur. Çox tezliklə oralarda da nizam-intizamı təmin edəcəyik. Əminəm buna.
Bir də ona əminəm ki, Azərbaycan bir dövlət olaraq, biz də bir xalq olaraq bənzər törənləri fars-molla rejiminin işğalından azad edilmiş Təbrizdə, Urmuda, Makuda, Ərdəbildə və neçə-neçə şəhərlərimizdə təşkil edəcəyik.
Sonda: İndi kimlərsə çıxıb deyəcək ki, sonuncu cümlədəki arzular baş tutan deyil, xəyaldır. Desinlər. O cür adamlar elə Şuşada da yallı gedəcəyimizlə bağlı dediklərimizi xəyal adlandırırdı illər öncə…