BAYRAQDAR MEDİA – İllərdir, hətta deyərdim ki, özümü dərk edəndən bunu deyirəm! Bir Azərbaycanlı olduğum qədər özümü bir özbək də hiss edirəm! Hətta bəzən bəzi özbəklərdən də artıq özbək hiss edirəm özümü!
İllər öncə mənim bu tutumuma bəzi dostlarımız gülərdi. Lağlağı edənlər də az deyildi. Bir zamanlar rus təbliğatının beynini yumağı bacarmış bu yarımqafalılar hətta özbəkləri aşağılayardılar da. Əlbəttə ki, onlara layiq olduqları cavabı da verməkdən çəkinməzdim. Özü də artıqlamasıyla!
İndi qardaş ölkə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Azərbaycandadır. Avqustun 22-də ali qonaq Bakıda yüksək təmtəraqla qarşılanıb, Prezident İlham Əliyevlə qardaşcasına görüşüb, danışıqlar aparıb. Nəticədə iki ölkə arasında bir sıra sahələri əhatə edən sənədlər imzalanıb.
O sənədlərin hər birisi önəmlidir. Hər iki ölkə üçün, hər iki xalq üçün. Amma birini ayrıca vurğulamaq istərdik. Bu da iki ölkə arasında Ali Dövlətlərarası Şuranın qurulması haqqında müqavilədir. Bəli, iki qardaş dövlət arasında münasibətlər bu həddə çatıb və daha da irəli gedəcək.
Özbəkistan Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarındakı quruculuq işlərində də yaxından iştirak edir. Artıq bu iştirakın nəticəsi olaraq avqustun 23-də Füzuli şəhərində Özbəkistanın tikib istifadəyə verdiyi Mirzə Uluqbek adına tam orta məktəbin açılışı da gerçəkləşdirilib. Azərbaycan və Özbəkistan prezidentləri bu açılışı birlikdə ediblər.
İş bununla da bitmir. Qardaş Özbəkistan ümumiyyətlə bütün çətin anlarında Azərbaycanın yanında olub. Özü də sözdə deyil, əməldə. Təkcə bir faktı xatırlatmaq lazımdır ki, Özbəkistan işğalçı Ermənistanla diplomatik əlaqə qurmayan yeganə Orta Asiya ölkəsidir. On illərdir ki, qardaş ölkə Ermənistanın Azərbaycana təcavüzü məsələsində konkret və açıq mövqe sərgiləməklə daim yanımızda olduğunu göstərir.
Təbii ki, Özbəkistanla Azərbaycanın bu isti münasibətləri təzə məsələ deyil. Biz eyni millətik. Soyumuz birdir. Onlar da, biz də böyük türk millətinin bir parçasıyıq. Əcdadımız eynidir. Damarlarımızda axan qan eynidir. Ona görə də mənim kimi insanlar bu gerçəyi dərk edərək özünü rahat bir şəkildə özbək kimi də təqdim edir.
Bu iki qardaş ölkə beynəlxalq platformalarda da birlikdə hərəkət edir. Üstəlik hər iki dövlət Türk Dövlətləri Təşkilatının tam hüquqlu, həm də çox fəal üzvüdür. Biz birlikdəyik. Sözün bütün anlamlarında!
Bizim eyni millət olduğumuzu ermənilər də yaxşı bilir. Ona görə də bizə etdikləri zülmləri qardaş özbəklərə də ediblər, edirlər, etməyə hazırdırlar.
Çox uzaq deyil, cəmi yüz il öncəyə baxarsaq, ermənilərin Bakıda, Qubada, Urmiyada və başqa Azərbaycan şəhərlərində nə qədər vəhşiliklər törətdiyini görərik. Sovet təbliğat maşını bir zamanlar bu gerçəkləri bizdən gizlədirdi. Amma zamanla yaddaşlar təzələndi, gizli tutulan erməni vəhşilikləri gün üzünə çıxarıldı.
O da bəlli oldu ki, ermənilər təkcə Quzey və Güney Azərbaycanda, Doğu Anadoluda deyil, Orta Asiyada – qardaş Özbəkistanda da məhz həmin illərdə on minlərlə özbək soydaşımızı eyni şəkildə soyqırıma uğradıb!
Biz eyni millətik. Həm də qədər ortağıyıq. Düşmənlərimiz bizi heç vaxt ayrı görmədilər. Düzdür, Sovetlər bizi – Qafqaz türklərini Orta Asiyalı soydaşlarımızdan ayrı tutmaq üçün hər cür çirkinlik uydurdu. Amma yenə də damarlarımızdakı qan öz sözünü dedi, deməyə də davam edir.
Yeri gəlmişkən, Sovetlərin təbliğatının ən güclü vaxtlarında belə Azərbaycan və onun rəhbərləri qardaş özbək xalqına xüsusi ehtiramla yanaşıb. Ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə qardaş Özbəkistana xüsusi hüsn-rəğbət bəsləməsi bunun bariz örnəyidir. Onun Özbəkistanı, həmin ölkənin ovaxtkı rəhbəri Şərəf Rəşidovu rus-erməni şərindən qorumaq cəhdlərini günü bu gün də özbək qardaşlarımız böyük ehtiramla xatırlayır.
Xoşbəxtik, sevincliyik. Çünki qardaşımız-qandaşımız qonaq gəlib. Əslində qonaq deməyək, öz evinə gəlib! Ona görə də deyirik ki, xoş gəlmisiniz, möhtərəm Prezidentimiz Şavkat Mirziyoyev!