BAYRAQDAR MEDİA – Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni sakinlərin humanitar ehtiyacları ilə bağlı məsuliyyəti üzərinə götürür. Bu haqda qurumun İdarəetmə Şurasının avqustun 21-də qəbul etdiyi bəyanatda bildirilir.
Cəmiyyət bəyan edir ki, qurulduğu 1920-ci ildən bu günə qədər qurum tərəfsizlik, qərəzsizlik və vahidlik kimi vacib prinsiplər çərçivəsində fəaliyyət göstərib. O da bildirilir ki, Cəmiyyət mövcudluğu dövründə insanların milli, dini mənsubiyyətinə fərq qoymadan ehtiyacı olan hər kəsə yardım göstərib, göstərməyə də davam edəcək.
Bəyanatda qeyd edilir ki, qurum bu nəcib fəaliyyətini daha effektiv həyata keçirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə yaxın iş birliyi içində olub.
Daha sonra təəssüflə bildirilir ki, “son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir qərəzli kampaniyanın aparılmasının şahidi oluruq”.
Bu durumu nəzərə alan Azərbaycan Qızıl Aypara Cəmiyyəti:
“Azərbaycan Respublikasının Konstitusiyasına;
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə;
“Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə;
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə;
Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə;
Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır”.
Bəyanatda xatırladılır ki, “bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və onlara edilmiş əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Sevilya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir”.
“Bu humanitar missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunmuşdur”, – deyə bəyanatda vurğulanır.
Belə anlaşılır ki, artıq bundan sonrakı mərhələdə Qarabağın erməni sakinlərinin humanitar ehtiyacları məhz Ağdam-Xankəndi yoluyla, Azərbaycanın suveren ərazisi çərçivəsində təmin ediləcək…