BAYRAQDAR MEDİA – “Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualına cavabında bildirib.
XİN-in internet saytında yerləşdirilən məlumatda qeyd edilir ki, A.Hacızadə, həmçinin, “Bu məntiqsiz addımları uğursuzluğa düçar olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə, Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır. Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir” deyə əlavə edib.