Son yeniləmə: 21 Avqust 2023 11:27
BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti Serdar Berdimuhamedov işgüzar səfəri çərçivəsində Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Bu barədə salamnews.tm saytı məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Türkmənistan-Macarıstan əməkdaşlığının əsas istiqamətlər üzrə inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər: “Xüsusilə, siyasi-diplomatik, enerji, sənaye və nəqliyyat-kommunikasiya sektorlarında, eləcə də idman sahəsində əməkdaşlığın inkişafına diqqət yetirilib”.
Məlumata əsasən, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub: “O vaxtdan bəri dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Türkmənistan-Macarıstan əməkdaşlığı davamlı olaraq möhkəmlənir. Burada ən yüksək və hökumət səviyyələrində münasibətlərə xüsusi diqqət yetirilir”.
Yeri gəlmişkən, Budapeşt və Aşqabad Türkmənistandan Macarıstana qaz tədarükünə dair siyasi saziş imzalayıblar. Bu barədə də RİA Novosti-yə istinad edən salamnews.tm məlumat yayıb.
Məlumata əsasən, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib.
O, qeyd edib ki, şirkətlər arasında danışıqlar növbəti sıradadır.
“Macarıstanın türkmən qazının Avropaya potensial tədarük istiqamətlərindən biri və tranzit ölkələrdən birinə çevrilməyinə dair Türkmənistanın siyasi iradəsi və siyasi niyyəti tam aydındır. Siyasi razılaşma bağlanıb, indi növbə şirkətlərin kommersiya danışıqlarını davam etdirməsidir”, – deyə P.Szijarto sosial şəbəkədə yayımlanan videomüraciətində bildirib.