Son yeniləmə: 21 Avqust 2023 17:38
Hasan Öztürk: Müxalifətin məğlubiyyəti unutdurmaq üçün yeganə çıxış yolu yerli seçkilərlə bağlı məsələni gündəmdə saxlamaqdır
BAYRAQDAR MEDİA -“Əslində, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğan həm mayın 14-ü axşam, həm də 28-i axşam sadəcə seçim zəfərin bəyan etmədi, həm də 2024-cü ildə keçiriləck yerli seçkilərə dair öz elektoratı üçün hədəf müəyyən etdi. Belə demək mümkünsə, əslində, Cumhur İttifakı və ya AK Parti üçün yerli seçkilər təqvimi mayın 14-də başladı”.
Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
Gələn il keçiriləcək yerli seçkilərlə bağlı iqtidarın və müxalifətin imkanlarını dəyərləndirən H.Öztürk bildirib ki, Millet İttifakı artıq yox, dağımış vəziyyətdədir: “Lakin müxalifətin məğlubiyyəti unutdurmaq üçün yeganə çıxış yolu yerli seçkiləri gündəmdə saxlamaqdır. Bu çərçivədə CHP ilk növbədə yerli seçkiləri gündəmə gətirərək, seçki işlərinə başlamaqla ümumi seçkilərdəki ağır məğlubiyyətini xalqa unutdurmağa və seçiciləri idarə etməyə çalışdı”.
CHP daxilində gərgin ab-hava hökm sürür
Qeyd olunub ki, indiki halda CHP daxilində gərgin ab-hava hökm sürür: “CHP-də genel başqan məsələsi ətrafında gərgin müzakirələr başladı. Seçkidən bir gün sonra, mayın 29-da verdiyi video bəyanatda İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu “partiyada dəyişiklik” şüarı ilə bir növ mübarizəyə başlamış oldu. Ancaq mövcud genel başqan və mərkəzi qərargah buna qarşı çıxdı. Anlaşılan CHP gözlənilən qurultayda indiki genel başqanla yolunu davam etmək niyyətindədir. Beləliklə, hazırki vəziyyətdə genel başqan olma ehtimalı mümkün görünməyə E.İmamoğlu yenidən İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd olmağa üstünlük verdi. Amma düşünürəm ki, qurultaydan sonra da CHP daxilində mübarizə davam edəcək”.
İYİ Parti seçkidən sonra CHP-nin yedəyi olmadığını sübut etməyə üstünlük verdi
Millet İttifakının digər ortağı İYİ Partiyə gəlincə, müsahibimiz hesab edir ki, bu partiya artıq CHP ilə birlikdə addımlamaq niyyətində deyil: “İYİ Parti əvvəlcə Qurultayını keçirdi, sonra isə CHP-nin yedəyi olmadığını sübut etməyə üstünlük verdi. Avqustun 26-da İYİ Parti sədri Meral Akşenerin bir daha CHP ilə ittifaq yaratmayacaqları ilə bağlı sərt sözlər deyəcəyi bu günlərdə daha çox müzakirə edilir”.
Cumhur İttifakının qalib gəlmək üçün şansları daha çoxdur
Sözlərinə davam edən H.Öztürk, “Bütün bu mənzərəyə nəzər saldıqda görürük ki, iqtidarın, Cumhur İttifakının qalib gəlmək üçün şansları və üstünlükləri daha çoxdur.
Digər tərəfdən, may seçkilərində məğlubiyyəti unutdurmaq istəyən müxalifət, xüsusilə İstanbul, Ankara, Adana, İzmir, Mersin və Antalya kimi böyük şəhərlərdə yenidən seçkilərdə qalib gəlmək üçün öz aralarında ittifaq arayışına çıxmalıdır. Əgər onlar ittifaq qura bilməsələr, əllərindəki bələdiyyələri də itirmək ehtimalı var. Bütün bu proseslər fonunda bir HDP reallığı da var CHP və Millet İttifakının HDP-nin səsi olmadan İstanbul, Mersin və Adanada qalib gəlmə şansı yoxdur. Bunu yaxşı bilən HDP bu günlərdə rəsmi olaraq protokol imzalamayanlara səs verməyəcəyini açıqladı” deyə əlavə edib.