Son yeniləmə: 21 Avqust 2023 10:41
BAYRAQDAR MEDİA – “Azərbaycanın Bütövlüyü Uğrunda” İctimai Birliyi “Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. İctimai Birliyin növbəti tədbiri avqustun 18-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ofisində keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “tədbirdə YAP Binəqədi rayon təşkilatının üzvləri, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazilər iştirak ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, layihə çərçivəsində bir sıra tədbirlərin, görüşlərin keçirilməsi, yazıların nəşr olunması nəzərdə tutulub. Həmçinin gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu “Cığır” tarixi romanının ictimai müzakirəsi keçiriləcək və gənclərə təmənnasız olaraq “Cığır” kitabı paylanacaq”.
“Turan Araşdırma Mərkəzi” İctimai Birliyin sədri Cavid İsmayıl Yunus Oğuzun 15-dən artıq tarixi romanın müəllifi olduğunu xatırladıb. O, qeyd edib ki, Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə fəal iştirak edən Y.Oğuz ərsəyə gətirdiyi tarixi romanlarla Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq saçıb, bu vaxta qədər xalqa düzgün çatdırılmayan faktlara aydınlıq gətirib. Onun əsərlərindən bəlli olur ki, Vətənin, dövlətin var olması üçün zaman-zaman qan tökülüb, ona görə də bu gün dövlətimiz yaşayır.
Qeyd olunub ki, “ən yeni tariximiz olan 44 günlük Vətən müharibəsindəki faktlar məhz “Cığır” romanında əksini tapıb. İlk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı “Cığır” romanında verilib. Bu baxımdan “Cığır” romanı gənclər arasında təbliq edilməlidir. Çünki “Cığır” təbliğat və masaüstü kitabdır”.
Birinci Qarabağ müharibəsində ordunun, güclü iqtisadiyyatın olmadığını xatırladan yazıçı-publisist Yunus Oğuz qeyd edib ki, o vaxt Azərbaycan ata-anası ölmüş yetim bir dövlət idi.
O, həmçinin, “44 günlük Vətən müharibəsi həm də vətənsizliyə son qoydu. “Cığır” romanında ilk dəfə olaraq “kölgə əsgər” adlı obraz yaratmışam. Bu əsgərlər ermənilərin illərdən bəri yaratdıqlari mifləri darmadağın etdilər. Əsərin adının “Cığır” qoyulmasının isə real həqiqətləri var. Bu Şuşaya gedən həmin cığır idi ki, xalq onu tanımırdı. Xalq arasında ona “Nəsrəddin cığırı” deyilirdi. Bu, xalqın cığırı idi, sonu bilinməsə də xalqın qələbə əzminə hakim kəsilmişdi. Bu isə o deməkdir ki, vətənpərvərlik Şuşanın geninə biçilib. Bizdən fərqli olaraq ermənilər toplumdur, dövlətləri və dövlətçilikləri heç vaxt olmayıb, dövlət idarəçiliyindən uzaqdırlar. Ermənilər özləri deyir ki, biz yanlış torpaq siyasəti yürüdürük. Ona görə də onlar geç-tez Qarabağdan, İrəvandan gedəcəklər. Bu baxımdan biz gəncləri inandırmalıyıq ki, Vətən dövlətsiz olmur, gələcəyini yox, dövləti fikirləşən qəhrəman olur. Bizim isə artıq millətimiz, hədəfimiz və dövlətimiz bəllidir” deyib.
Azərbaycan gənclərində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev qeyd edib ki, məhz bu fakt müharibədə qələbəinin əldə olunmasında mühüm rol oynadı.
Sonda yazıçı-publisist Yunus Oğuz tərdbir iştirakçılarının suallarını cavablandırıb, gənclərə təmənnasız olaraq “Cığır” kitabı paylanıb.