Press "Enter" to skip to content

İrəvandakı Çin səfiri də erməni kimi danışdı…

Azər Həsrət

Son yeniləmə: 18 Avqust 2023 09:45

BAYRAQDAR MEDİA – Çin səfiri Fan Yong deyir ki, onun ölkəsi ilə Ermənistan arasındakı münasibətlərin keçmişi min illərə dayanırmış. O, bu fikirləri avqustun 17-də İrəvanda keçirdiyi jurnalistlərlə görüşdə səsləndirib…

Fan Yong deyib ki, “Çin və Ermənistan qədim sivilizasiyalardır və bənzər baxışlara malikdirlər”. Səfir əlavə edib ki, ölkəsi İrəvanla qlobal inkişaf yönündə iş birliyinə hazırdır.

“Ermənistan və Çin arasında münasibətlər hələ min illər öncə – İpək Yolu dövründə başlayıb. Bundan başqa Çin müstəqillik əldə etmiş Ermənistanla hamıdan öncə münasibətlər qurub”, – deyə səfir bildirib…

Çox tanış mövqedir, deyilmi? Sanki İran səfirinin, başqa rəsmilərinin dedikləri təkrarlanır burda da. Demək ki, türk düşmənliyi yenə də ayaqdadır, öz işindədir.

Belə baxanda Çinin guya Azərbaycan və digər türk dövlətləri ilə dost münasibətləri var. Amma təkcə bu fakt onu göstərir ki, Çin min il öncə olduğu kimi yenə də xəyanətkar xasiyyətindən əl çəkmir.

Biz, əlbəttə Çinin hansısa ölkə, o cümlədən Ermənistanla diplomatik münasibətlərinə qarışa bilmərik. Amma necə olur ki, bu boyda dövlətin təmsilçisi min illər öncəyə səyahət edərək mövcud olmamış bir Ermənistanla ölkəsinin münasibətlərindən danışır?

Nədir axı Çini də fars-molla rejiminin idarə etdiyi İran adlı dövlət kimi davranmağa vadar edən? Əlbəttə ki, bu sualın cavabı bizim üçün gün kimi aydındır: türk düşmənliyi!

Çin də dünyada türklərə zülm edən ən qəddar rejimlərdən biri kimi tanınır və qəbul edilir. Doğu Türküstandakı uyğur qardaşlarımız on illərdir ki, qəddar Çinin zülmündən əziyyət çəkir.

Çinin uyğurlara yönəlik zülmü sərhəd tanımır. Uyğur qızları zorla heç tanımadıqları və ölkənin başqa yerlərindən gətirilmiş çinlilərə ərə verilir. Uyğur oğlanları isə iş adı altında ölkənin uzaq bölgələrinə aparılır, sonra ailələri ilə əlaqələri birdəfəlik kəsilir.

Eyni qaydada uyğur uşaqları ailələrindən zorla alınır, düşərgələrdə tutulur. Bu uşaqların uyğur dilində danışması, İslam dininə sitayiş etməsi yasaqlanır. Bir müddət sonra həmin uşaqlar manqurt kimi yetişdirilir.

Hələ bu azmış kimi, kişiləri müxtəlif böhtanlarla düşərgələrə göndərilən uyğur ailələrinə “inteqrasiya” adı altında yabançı çin kişiləri yerləşdirilir. Uyğur qadınlarını onlarla eyni otaqda yatıb-qalxmağa, eyni süfrədə yemək yeməyə məcbur edirlər.

Bu da tam deyil. Müxtəlif mənbələrə görə, hazırda 3 milyona yaxın uyğur xüsusi cəza düşərgələrində saxlanılır.

“Ermənistanla min illərə dayanan dostluq münasibətləri olan Çin” uyğur türklərinin məscidlərini dağıdır, Quran oxuyanları xalqın gözü qarşısında cəzalandırır.

Zalım Çin rejimi məscidləri ləğv edərək onların yerində meyxanalar və müxtəlif yüngül əxlaqlı xidmət göstərən müəssisələr təşkil edir. Özü də uyğur gənclərini, özəlliklə də qızlarını həmin müəssisələrdə xidmətə məcbur edir…

İndi bu Çin səfiri deyir ki, min illərdir Ermənistanla münasibətləri varmış. Ki, min illər öncə Ermənistan adında bir dövlətin olmadığını balaca uşaq da bilir. Əminik ki, elə səfirin özü də bunu bilir. Sadəcə belə deməsi türk düşmənliyindən irəli gəlir. Nə qədər də olmasa ermənilər də türk düşmənidir və Çinlə ortaq yönləri də budur.

Çin bu düşmənlik zəncirində İran adlı şeytan yuvasıyla da çox dərin iş birliyi içindədir ki, bu da bir başqa mövzudur…

Sonda: Azərbaycanda akkreditə olunmuş xarici diplomatların bugünlərdə Ağdam-Xankəndi yolu səfərinə Çin səfirliyi də dəvət edilmişdi. Amma onlar bu səfərdə iştirakdan imtina etdilər. Yəqin ki, ermənilər inciməsin deyə belə davranıblar…

Diplomatik korpus nümayəndələri Ağdamdadır

Mission News Theme by Compete Themes.