BAYRAQDAR MEDİA – Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti – XVI qurultayı keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edəcəklər. Qurultayda ümumilikdə 1 min 700-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub”.
Sonra xəbərdə, “qurultayın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin tarixi Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır. Bu mühüm tədbir, həmçinin Prezidentin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində təhsil sisteminin qarşısında duran vəzifələri müəyyənləşdirəcək” deyə bildirilir.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.