Press "Enter" to skip to content

Atılması vacib olan addımlar var

Telman Nüsrətoğlu

Telman Nüsrətoğlu: Təhsil sahəsindəki əlaqələr də strateji müttəfiqlik səviyyəsində olmalıdır

BAYRAQDAR MEDİA – “Çox sevindirici haldır ki, Türkiyədən Azərbaycana ali təhsil almağa gələn gənclərin sayı ilbəil artır. Rusiya-Ukrayna müharibəsi səbəbi ilə bu say daha da artacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

Qardaş ölkə gənclərinin ali təhsil üçün Azərbaycanı seçməsi bir çox məsələlər baxımından əhəmiyyətlidir

Məlumat üçün bildirək ki, Rusiya-Ukrayna müharibəsi təhsil sahəsinə də mənfi təsir göstərib. Belə ki, əvvəllər ali təhsil üçün Ukraynaya gedən xarici ölkə vətəndaşları, o cümlədən qardaş Türkiyədən olan gənclər artıq başqa ölkələrə üz tuturlar. Sevindirici haldır ki, Türkiyədən olan gənclər bu məsələdə Azərbaycana xüsusi önəm verirlər. Hər halda Türkiyə mediasının araşdırmasından sonra belə bir qənaətə gəlinib.

Öz növbəsində sözügedən məsələyə münasibət bildirən T.Nüsrətoğlu deyib ki, qardaş ölkə gənclərinin ali təhsil üçün Azərbaycanı seçməsi bir çox məsələlər baxımından əhəmiyyətlidir: “Əvvəla bu, iki qardaş ölkənin gəncləri arasında ünsiyətin daha da dərinləşməsinə təkan verir. Digər tərəfdən burada təhsil alan gənclər gələcəyin idarəçiləridir. Deməli, gələcəkdə əməkdaşlığımızın daha da dərinləşməsininin əsası da indidən qoyulmuş olur”.

Türkiyədə ali təhsil alan xarici təbələr arasında azərbaycanlılar birinci sırada gedirlər

O da qeyd olunub ki, bu proses təkistiqamətli getmir: “Bu gün Anadoludan Azərbaycana ali təhsil almağa gələn gənclərin sayı artmaqla yanaşı, Azərbaycandan da Türkiyəyə ali təhsil almaq üçün gedən gənclərin sayı hər keçən gün artır. Bu gün Türkiyədə ali təhsil alan xarici tələbələr arasında azərbaycanlılar birinci sırada gedirlər. Türkiyə təhsil sistemi təkcə elmi baxımdan güclü mütəxəssislər yetişdirmir. Eyni zamanda, vətənpərvər, vətənini, dövlətini bayrağını sevən kadrlar yetişdirir. Bu baxımdan da azərbaycanlı gənclərin xaricdə ali təhsil üçün məhz qardaş ölkə universitetlərini seçməsi gələcəyimiz üçün mühüm önəm kəsb edir”.

Ortaq diplomlarla bağlı müqavilələrin sayı artmalıdır

T.Nüsrətoğlu müsbət məqamlarla bağlı bəzi çatışmazlıqların olduğunu da bildirib: “Xüsusilə təhsilin səviyyəsinin keyfiyyətinin artırlması, müasir dünyanın inkişafı istiqamətində daha dərin işlənmiş milli təhsil konsepsiyasının hazırlanması üçün daha sürətli addımların atılması olduqca vacibdir. Bunu etməliyik ki, bizim gənclər təhsilin növbəti mərhələsi üçün daha Avropa ölkələrinə üz tutmaq istəməsinlər. Elə burada da yüksək keyfiyyətli və müasir standartlar səviyyəsində təhsillərini davam etdirsinlər”.

Müsahibimiz vurğulayıb ki, həmçinin, Türkiyə və Azərbaycan universitetləri arasında ortaq diplomlarla bağlı müqavilələrin sayı artmalıdır: “Yəni Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, strateji müttəfiqlik əlaqələrinə uyğun olaraq təhsil sahəsində də əlaqələr daha da inkişaf etməlidir”.

Mission News Theme by Compete Themes.