Press "Enter" to skip to content

Teymur Musayev ikitərəfli görüşlər keçirib

Sözügedən görüşlərdən biri

BAYRAQDAR MEDİA – Türk Tibb Dünyası Konqresi çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı K.Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Şuşa şəhərində keçiriləcəyi münasibətilə təbriklərini çatdırıb. Yalnız bu ilin iyul ayında 2 dəfə Azərbaycana səfər edərək Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclasında və Şuşa Qlobal Media Forumunda iştirakını bildirən Təşkilatın Baş katibi Azərbaycanın müxtəlif beynəlxalq tədbirləri hər zaman yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Göstərilən yüksək etimada görə TDT-nin Baş katibinə təşəkkürünü bildirən T.Musayev vurğulayıb ki, uğurlu fəaliyyət nəticəsində quruma üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, o cümlədən regional əməkdaşlığın dərinləşməsində Təşkilat mühüm rol oynayır. Nazir həmçinin öz həmkarları – Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovla, Türkiyənin səhiyyə naziri Fahrettin Koca və Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyatla ikitərəfli görüşlər keçirib”.

Sonra xəbərdə, “konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub” deyə bildirilir.

Keçirilən ikitərəfli görüşlər çərçivəsində T.Musayev qeyd edib ki, 30 illik işğaldan sonra azad olunan əzəli Azərbaycan torpaqlarında qardaş Türkiyə dövləti bərpa-quruculuq işlərinə aktiv şəkildə cəlb olunub və bir çox infrastruktur layihələrində iştirak edir. Bundan başqa, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan hökumətinin qərarı ilə məktəb, Qazaxıstan hökuməti tərəfindən isə Uşaq Yaradıcılıq Mərkəzi inşa olunur. Həmçinin, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun da uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

Mission News Theme by Compete Themes.