Son yeniləmə: 17 Avqust 2023 09:40
BAYRAQDAR MEDİA – Avqustun 16-da xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin Güney Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Xarici İşlər Nazirliyinin internet saytında verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, nazir Ceyhun Bayramov son zamanlar Ermənistanın regionda artan hərbi-siyasi təxribatlarının, bölgədə “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddiaların sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.
AB tərəfindən də dəstəklənmiş Ağdam-Xankəndi yolundan istifadə və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, eləcə də erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya istiqamətində görüşə dair razılıqların pozulmasının Ermənistanın normallaşma prosesində maraqlı olmadığını göstərdiyi vurğulanıb.
Tərəflər, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.