BAYRAQDAR MEDİA – Fars-molla rejiminin Tehranın Evin zindanında saxladığı Güney Azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb.
Bu haqda xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə bildirilir ki, C.İbrahimi bağırsaq iltihabı xəstəliyindən əziyyət çəkir. Həbsxana rəhbərliyi tərəfindən müalicəsinə icazə verilmədiyi üçün onun həyatı təhlükədədir.
Qeyd edilir ki, C.İbrahimi İran Müəllimləri Həmkarlar İttifaqının 2022-ci ilin 1 may tarixinə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün əvvəl, aprelin 30-da digər güneyli fəallarla birgə təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Müəllim “rejimə qarşı əlbir olmaq və toplaşmaq”, habelə “hakimiyyət əleyhinə təbliğat aparmaq” ittihamları ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edilir ki, Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurasının fəal üzvü olan Cəfər İbrahimi Güney Azərbaycanın Həmədan şəhərindəndir. O, İranda ana dilində təhsilin tərəfdarlarından və müəllimlər arasında bu sahənin tanınmış fəallarından sayılır.