Son yeniləmə: 16 Avqust 2023 16:27
BAYRAQDAR MEDİA – Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində atəş vasitələrinin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib”.
Nazirliyin bir sonrakı xəbərində bildirilir ki, ilkin araşdırmalara görə saxlanılan diversantın 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu müəyyən edilib.
“Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib”.
O da qeyd edilir ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.