Press "Enter" to skip to content

İsmayıllıda şəhid ailələri üçün tədbir

Tədbir zamanı

Son yeniləmə: 15 Avqust 2023 12:20

Tədbir “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində təşkil edilib

BAYRAQDAR MEDİA – Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoralın təşəbbüsü və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfıratın təşkilatçılığı ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Müdafiə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid ailələri üçün tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya TÜİB-dən məlumat verilib.

Bildirilib ki, “İsmayıllıda reallaşan tədbirdən əvvəl ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların uyuduğu rayondakı Şəhidlər xiyabanı ziyarət olunub. Şəhidlərin məzarları üzərinə güllər düzülüb, ruhuna dualar oxunub. Heydər Əliyev adına parkda davam edən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb”.

İsmayıllı rayonundakı Şəhidlər xiyabanı ziyarət olunub
İsmayıllı rayonundakı Şəhidlər xiyabanı ziyarət olunub

Məlumata əsasən, tədbirdə çıxış edən TÜİB-in İdarə Heyətinin üzvü Salih Tüfekçi təşkilatın Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərin xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad etdiyini bildirib.

Salih Tüfekçi: Şəhidlik elə yüksək zirvədir ki, hər kəs onu fəth edə bilməz

O, vurğulayıb ki, müqəddəs dinimiz İslam dinində şəhidlik ən yüksək məqam kimi qiymətləndirilir, “Qurani-Kərim”də onların ölmədiyi qeyd olunur: “Şəhidlik elə yüksək zirvədir ki, hər kəs onu fəth edə bilməz, o mövqeyə çatanlar Allah tərəfindən seçilənlərdir. Şəhidlərimizin şəfaətinə nail olmaq üçün onları yad etməli, əmanətlərini diqqətdə saxlamalıyıq. Şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik”.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Salih Tüfekçi, həmçinin, “TÜİB olaraq həyata keçirdiyimiz “Tək Millət, Tək Ürək” Beynəlxalq Platforması çərçivəsində ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk. Şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2 min 300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Bu dəfə İsmayıllı rayonundan olan şəhid ailələrini paytaxt və digər rayonlardan olan şəhid ailələri ilə bir araya gətirdik. Bu cür görüşlər davamlı olaraq təşkil ediləcək” deyib

Vətən fədailəri indi xüsusi hörmət, sevgi və dərin hüznlə anılır

Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçular ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova və İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlişir Süleymanov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən söz açıb, hərbi qulluqçuların göstərdiyi misilsiz şücaətlərdən bəhs ediblər: “Qeyd olunub ki, öz gəncliyini torpaqlarımızın düşmən tapdağından xilas edilməsi, xalqımızın sülh və əmin-amanlıq içərisində yaşamasına sərf edən oğulların həyat tarixçəsinə qulaq asdıqca onların necə də xeyirxah, vətənpərvər, qorxmaz olduqları məlum olur. Yaşlarının az olmasına baxmayaraq, yüksək insani keyfiyyətlərə malik olmaları ilə sağlığında onları tanıyan hər kəsin rəğbətini qazanan Vətən fədailəri indi xüsusi hörmət, sevgi və dərin hüznlə anılır. Şəhidlərimizi yetişdirən, min bir əziyyətlə boya-başa çatdıran valideynləri ən şirin nemət olan övladlarını itirsələr də, qürurla “Vətən sağ olsun!” deyirlər. Yalnız belə vüqarlı, əyilməz valideynlər o cür qəhrəmanlar yetişdirə bilərdilər. Azərbaycanda şəhid ailələrinə yüksək diqqət və qayğıdan bəhs edən natiqlər şəhidlərimizin əmanətinə sahib çıxmağın hər bir vətəndaşın borcu olduğunu, qədirbilən xalqımızın qəhrəmanların xatirəsini və onların yadigarlarını heç zaman unutmayacağını qeyd ediblər”.

Tədbir bədii hissə ilə davam edib
Tədbir bədii hissə ilə davam edib

Məlumatda deyilir ki, çıxış edənlər Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib, həm sevincdə, həm kədərdə bir-birinin yanında olan hər iki ölkə arasında belə sıx münasibətin, qardaşlığın daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Mission News Theme by Compete Themes.