Press "Enter" to skip to content

ATİB rəhbərliyinin KKTC-yə məhsuldar səfəri

KKTC Cümhurbaşqanlığının önünüdə xatirə fotosu

Son yeniləmə: 15 Avqust 2023 14:02

ATİB-lə Kıbrıs Türk Ticarət Palatası arasında əməkdaşlıq protokolu imzalanıb

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Idarə Heyətinin sədri Cemal Yanğının rəhbərlik etdiyi heyət KKTC-yə səfər edib. Səfər çərçivəsində ATİB heyətinin Kıbrıs Türk Sənaye Palatasında (KTSO) keçirdiyi görüş barədə KKTC mediasına istinadən məlumat da vermişdik.

ATİB rəhbərliyi Kıbrıs Türk Sənaye Palatasında olub

Onu da qeyd edək ki, artıq səfər başa çatıb. ATİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata əsasən 8-11 avqust tarixlərini əhatə edən səfər proqramında heyəti KKTC-nin Azərbaycandakı təmsilçisi xanım Ufuk Turğaner müşayiət edib: “Nümayəndə heyətini əvvəlcə KKTC-nin Cümhurbaşqanı Ersin Tatar qəbul edib.

Cemal Yanğın Ersin Tatara xatirə hədiyyəsi təqdim edərkən
Cemal Yanğın Ersin Tatara xatirə hədiyyəsi təqdim edərkən

Görüşdə E.Tatar Azərbaycanla KKTC arasında ticarət potensialının inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsinin vacibliyini qeyd edib”.

Məlumata əsasən, nümayəndə heyətinin rəhbəri, ATİB İdarə heyətinin sədri Cemal Yanğın Ersin Tatarla görüşdə ATİB-ə üzv olan iş adamlarının KKTC-də yeni layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib: “Görüşün sonunda nümayəndə heyətinin başçısı C.Yanğın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa haqqındakı kitabı Ersin Tatara hədiyyə edib”.

Məlumatda qeyd edilir ki, “səfər çərçivəsində ATİB nümayəndə heyətinin KKTC Nazirlər Kabineti yanında Kıbrıs Türk İnvestisiya və İnkişaf Agentliyinin direktoru Ebru Kaptan Sertoğlu, Kıbrıs Türk Sənaye Palatasının sədri (KTSO) Ali Kamacıoğlu, xarici işlər naziri Tahsin Ertuğruloğlu, Baş nazirin müavini, turizm, mədəniyyət, gənclər və ekologiya naziri Fikri Ataoğlu, iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu, kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuzla keçirdiyi görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Kıbrıs Türk Ticarət Palatasında görüşdən xatirə
Kıbrıs Türk Ticarət Palatasında görüşdən xatirə

Kıbrıs Türk Ticarət Palatasının sədri Turgay Deniz idarə heyətinin geniş tərkibli üzvləri ilə keçirilən görüşdə Azərbaycanla turizm, kənd təsərrüfatı və digər sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. ATİB idarə heyətinin sədri Cemal Yanğın məlumat verib ki, 70 il sosialist iqtisadi sistemində olmasına baxmayaraq, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə davamlı islahatlar apararaq bazar iqtisadi sisteminə keçib və bu gün ölkənin dinamik sosial-iqtisadi inkişafı davam etdirilir. Görüşün sonunda ATİB-lə Kıbrıs Türk Ticarət Palatası arasında əməkdaşlıq protokolu imzalanıb”.

KKTC kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuzla görüşdən
KKTC kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuzla görüşdən

Sonra ATİB nümayəndə heyəti Yaxın Doğu Universitetində olub, İnnovasiya Mərkəzi tərəfindən istehsal edilən “Günsel” avtomobilləri ilə tanış ediliblər: “Universitetin prorektoru Murat Tuzinkan, yerli istehsal olan bu elektrik avtomobillərinin texniki göstəriciləri barədə ətraflı məlumat verərək bildirib ki, yaxın gələcəkdə satışa çıxarılacaq bu avtomobillərin qardaş türk respublikalarında da zavodlarının qurulması nəzərdən keçirilir”.

ATİB nümayəndə heyəti, həmçinin Kıbrıs türklərinin öndəri Fazil Küçükün və KKTC-nin qurucusu, ilk Cümhurbaşqanı Rauf Denktaşın məzarlarını ziyarət edib, əziz xatirələrini anıb, məzarları üzərinə tər güllər düzüb.

Mission News Theme by Compete Themes.