Son yeniləmə: 14 Avqust 2023 16:13
Şəhid övladları üçün Avropada ilk dəfə yay məktəbi təşkil edilib
BAYRAQDAR MEDİA- “ASAN xidmət”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “NEQSOL Holding”in və “Bakcell”in dəstəyi ilə şəhidlərin övladları üçün Almaniyanın Frankfurt şəhərində yay məktəbi başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, “avqustun 13-də Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçılarının yolasalınması təşkil olunub. “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etməkdir. Avqustun 26-dək davam edəcək yay məktəbi Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzeylər gəzintisində, Lüksemburq səyahətində iştirak edəcəklər. Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfəri əhatə edir”.