Son yeniləmə: 14 Avqust 2023 13:36
Fuad Nəcəfli: Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə diqqət yetirdikdə, bütün cəmiyyət üzvləri fikirləşir ki, nə yaxşı Azərbaycan xalqı məhz onun siyasi xəttini dəstəkləyib
BAYRAQDAR MEDİA – “Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə diqqət yetirdikdə, gənclər, həmçinin bütün cəmiyyət üzvləri fikirləşir ki, nə yaxşı Azərbaycan xalqı məhz onun siyasi xəttini dəstəkləyib.
Diaspor üzrə Dövlət Komitəsindən BAYRAQDAR MEDİA-yab verilən məlumata görə, bu sözləri Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O qeyd edib ki, bu gün dahi öndərin siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir: “Aparılan 30 illik siyasət göstərdi ki, biz lazım gəldikdə, haqq və hüquqlarımızı qorumağa qadir xalqıq. Ölkəmiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşkilatçılığı ilə milli irs və abidələrimizlə yanaşı, dünyəvi abidələrin qorunması işində də fəal iştirak edir. Bu, bizə müxtəlif platformalarda obyektivlik baxımından çıxış etməyə geniş inkanlar yaradır”.
F.Nəcəfli bildirib ki, bu gün regionların inkişafı üçün dövlət proqramları təsdiq olunur, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün addımlar atılır. Ölkə başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” da bu istiqamətdə görülən işlərdəndir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış Zəngəzur dəhlizi reallığı Naxçıvan üçün böyük üfüqlər açır. Bu, Naxçıvanı gələcəkdə nəqliyyat-logistika mərkəzinə çevirəcək.
Prezidentin səlahiyyətli nümayəndəsi həm Azərbaycan Respublikasında yaşayan gənclərin, həm diaspor fəaliyyəti göstərən təşkilatların, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan gənclərin və vətəndaşlarımızın qarşısına dövlətimizin başçısı tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilməsində uğurlar arzulayıb.