Son yeniləmə: 14 Avqust 2023 12:31
Telman Nüsrətoğlu: Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin fəaliyyəti olduqca vacibdir
BAYRAQDAR MEDİA – “Dünya hər keçən gün yeni sənaye inqilabına doğru daha sürətlə addımlayır. Bu istiqamətdə bir çox sahələrdə köklü addımların atılması vacibdir. Təbii ki, bu sırada elm və təhsil sahəsi xüsusi önəm kəsb edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Dünya yeni texnologiyalar çağına qədəm qoyub
Müsahibimiz Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin fəaliyyətini alqışlamaqla yanaşı atılması vacib olan addımlar barədə də danışıb.
Qeyd edilib ki, bu istiqamətdə universitetlər, elmi araşdırma mərkəzləri, onların laboratoriyaları, həmçinin, yeni texnologiyaları çox mühüm rol oynayır: “Çünki dünya yeni texnologiyalar çağına qədəm qoyub. Bu mənada beyin, elm və təhsil sərmayədir. İnsan gücü, intellektual güc çox önəmlidir. Təbii ki, türk dünyası da bu sahəyə xüsusi diqqət yetirməlidir”.
Sırf türk dünyası ilə bağlı bir proqramın tətbiqi vacibdir
T.Nüsrətoğlu hesab edir ki, Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin fəaliyyəti olduqca vacibdir: “Türk dövlətlərinin universitetləri arasında əməkdaşlıqların dərinləşdirilməsi vacib və qaçılmazdır. Türk dövlətləri universitetləri arasında istər akademik mübadilə, istər birlikdə imzalarla Qərb ölkələrinin beynəlxalq nüfuzlu indeksli jurnallarında elmi məqalələrin dərci, istər ortaq layihələrin həyata keçirilməsi, istər universitetlər arasında professor-müəllim heyəti və tələbələrin mübadilə, istərsə də türk dövlətləri arasında Erasmus proqramına oxşar, lakin sırf türk dünyası ilə bağlı bir proqramın tətbiqi istiqamətində addımların atılması olduqca vacibdir ”.
Bu, iqtisadiyyatın inkişafına da böyük töhfə verəcək
O da vurğulanıb ki, universitetlər arasında əlaqələrin inkişafı gələcəkdə Türk Dövlətləri Təşkilatını əhatə edən coğrafiyada iqtisadiyyatın inkişafına da böyük töhfə verəcək: “Bu, həmçinin, gələcəyin idarəçilərinin, dövlət adamlarının yetişdirilməsinə, o cümlədən müxtəlif sahələr üzrə ekspert və mütəxəssislərin yetişməsinə kömək olacaq. Ona görə də bu birlik istiqamətində atılan addımlar çox önəmlidir. Sadəcə olaraq bu istiqamətdə təşkilatlanma prosesi sürətləndirilməlidir”.