Press "Enter" to skip to content

Vladimir Putinin gözlənilən səfəri böyük önəm kəsb edir

Hulusi Kılıç

Son yeniləmə: 10 Avqust 2023 10:45

Hulusi Kılıç: Bu səfər həm Türkiyə-Rusiya əlaqələrində yeni mərhəlinin əsasını qoya, həm də qlobal və regional baxımından bir çox məsələlərin həllində önəmli rol oynaya bilər

BAYRAQDAR MEDİA – “Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri həm Türkiyə-Rusiya əlaqələri, həm Rusiya-Ukrayna müharibəsi, həm də Güney Qafqazdakı son proseslər baxımından böyük önəm kəsb edir”.

Bunu Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri barədə BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O, qeyd edib ki, hər bir səfər kimi, bu səfər zamanı da ikitərəfli məsələlər əsas müzakirə mövzularından biri olacaq: “Bu baxımdan V.Putinin gözlənilən səfərinin Rusiya-Türkiyə əlaqələrini daha da gücləndirəcəyi gözlənilir”.

Keçmiş səfir bildirib ki, səfəri dünya üçün əhəmiyyətli edən məsələlərdən biri isə taxıl probleminin müzakirəsi ilə bağlıdır: “Türkiyə ilk vaxtlardan etibarən BMT ilə birlikdə taxıl problemini həll etmək, daha doğrusu Ukrayna taxılının Qara Dəniz vasitəsilə Türkiyə üzərindən üçüncü dünya ölkələrinə daşınması üçün əlindən gələni edib və bu gün də səylərini davam etdirir. Bu günə qədər böyük miqdarda Ukrayna taxılının Türkiyə üzərində üçüncü dünya ölkələrinə, xüsusilə də Afrikaya çatdırlması təmin edilib. Taxıl problemi, əslində, böyük bir böhran yaratdı. Çünki Rusiyanın taxıl sazişindəki iştirakını dayandırması ilə üçüncü dünya ölkələri aclıq təhlükəsi ilə qarşı-qarşıya qalıb”.

H.Kılıçın sözlərinə görə, V.Putinin səfərini diqqət mərkəzinə gətirən üçüncü vacib məsələ Güney Qafqazdakı son durumla bağlıdır: “Daha doğrusu, Azərbaycanla Ermənsitan arasında imzalanacaq sülh razılaşması ilə əlaqədar çabalar davam edir. Cümhurbaşqanımız Recep Tayyip Erdoğan qatıldığı bütün görüş və tədbirlərdə bu məsələnin bir an öncə həllinin tapılmasının vacib olduğunu bəyan edir. Bu baxımdan V.Putinin səfəri çərçivəsində bu məsələnin ətraflı müzakirə ediləcəyi şübhəsizdir. Türkiyənin istəyi bu məsələnin tezliklə öz həllini tapması, Azərbaycanla Ermənistan arasında əbədi sülh sazişinin tez bir zamanda imzalanmasıdır. Türkiyə bunu təkcə arzu etmir, eyni zamanda, dediyim kimi, bunun üçün bütün platformalarda səylərini davam etdirir. Təbii ki, bu kontekstdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da əhəmiyyət kəsb edir. Amma, öncə Azərbaycanla Ermənsitan arasında sülh sazişi imzalanmalıdır. Bundan sonra biz Ermənistanla münasibətlərin normallaşması məsələsini həll edərik”.

H.Kılıç, həmçinin, “Son olaraq bir daha qeyd edək ki, bu səfərin bir çox məsələlər baxımından böyük önəmi var. Bu səfər həm Türkiyə-Rusiya əlaqələrində yeni mərhəlinin əsasını qoya, həm də qlobal və regional baxımından bir çox məsələlərin həllində önəmli rol oynaya bilər”.

Mission News Theme by Compete Themes.