BAYRAQDAR MEDİA – 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva müsahibə prosesinin gedişatını izləyib.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 10-da sözügedən qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müsahibənin ikinci günü Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fransız dili, musiqi, rus dili, texnologiya fənləri üzrə müsahibələr təşkil olunub: “Müsahibə mərhələsinə ümumilikdə 5 660 namizəd dəvət edilib. Müsahibə zamanı namizədlərin peşəkar səriştəsi, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Bu mərhələdə uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar”.
Qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.
Müsahibələr avqustun 18-dək davam edəcək.