BAYRAQDAR MEDİA – Bugünlərdə məlum və məşhur Emin Hüseynov bir paylaşım edərək anasının ölümünün ildönümünü xatırlatmışdı. Düşündüm ki, insanlıqdır, bir başsağlığı yazım. Amma onun paylaşımında yenə də bu adi təbii ölümü siyasətə bağlaması (iddia edir ki, anasını “diktator Əliyev” öldürüb) məni fikrimdən daşındırdı. Halbuki bir qayda olaraq siyasi mənsubiyyətindən və hakimiyyət-müxalifət münasibətindən asılı olmayaraq hər kəsə belə məsələlərdə duyarlı davranan birisiyəm…
Eminin o paylaşımını sadəcə maraq üçün bir az da gözdən keçirdim. Ki, görüm kim bəyənir, kim paylaşır, kim rəy yazır? Zənnim məni aldatmadı və ona demək olar ki, heç kim Azərbaycandan xoş söz yazmamışdı. Amma ermənilərin ən məşhur təbliğatçıları Eminin “dərdinə ortaq olduqlarını” ifadə etməklə bərabər Azərbaycandakı “diktatura rejimi”nə də o ki, var döşəmişdilər…
Five years ago dictator @presidentaz deprived life of my mother. She died in the hospital due to lack of necessary medical care. Aliyev not only robs the national wealth of #Azerbaijan, but also takes from us people close and dear to us for the fact that we expose his corruption. pic.twitter.com/Ocqn6vJfXI
— EMIN HUSEYNOV (@EminHuseynovAZ) August 7, 2023
Erməni təbliğatçıları eyni zamanda Eminin anasının dünyasını dəyişməsinin xatırlatılmasından istifadə edərək “artsaxı tanıyın”, “diktator Əliyev erməni və Azərbaycan xalqı arasında sülhə maneədir” kimi sərsəm iddiaları da tirajlayırlar burada. Hələ baxanda görünür ki, Eminin “dərdinə şərik olanlar”ın əksəriyyəti nəinki sadəcə Ermənistan bayrağı, hətta Qarabağdakı bölücü-terrorçuların bez parçası arxasından boylanır…
Dəhşətdir bu! Sən dərdini bölüşürsən, mənsub olduğun xalqdan deyil, sənin torpağını işğal edib soydaşlarını soyqırıma uğratmış, sənin millətinə nifrət edən düşməndən “toxtaqlıq” alasan! Bir insanın – fərdin faciəsi başqa necə ola bilər ki?..
Eminin bu “ana dərdi” bitməmiş, dostlar yeni cücərməkdə olan başqa bir eminvarinin yazısını göndərdi mənə. Adını belə ilk dəfə eşitdiyim birisidir. Əslində heç fikir verməyə də bilərdim. Amma iş ondadır ki, həmin adını belə bilmədiyimiz bu adamı bir anın içində erməni təbliğat maşını populyar birinə çevirib! Çevirib və artıq öz anti-Azərbaycan təbliğatında ondan gen-bol istifadə edir!
Adamın adı Bəhruz Səmədovdur. “Öncə zorakılıq vardı” (In the beginning was the violence) adlı yazı yazıb. Müəllifin Praqadakı Çarlz Universitetində siyasət elmi üzrə fəlsəfə doktorluğu oxuduğu qeyd edilib. Mövzusu da nə olsa yaxşıdır? Həm də “Azərbaycanda avtoritarizm”! Bəli, adam bu mövzunu dərindən işləyib alim adı alacaqmış!!!
Bir söz demirəm, olsun, adamın öz yanaşması var. Amma bu yanaşma obyektiv olmalı deyilmi? Niyə bir azərbaycanlı yalan-palanla dolu erməni təbliğatını mütləq gerçəklik kimi qələmə verib alim adı almağa çalışmalıdır? Məgər Avropada yalan üzərində qurulan tezislərə görə alim olmaq mümkündür? Yəni bunu avropalılar həzm edəcəklər? Edərlər? Görəcəyik!
Hələliksə sözügedən yazının ingiliscəsindən bir paraqrafı şəxsi tərcüməmdə dəyərli oxucularımıza təqdim etmək istərdim. Görün, bu adam nə yazır?..
“Sumqayıt qırğınlarında iştirak etmiş bəzi azərbaycanlılar Sovet hakimiyyəti tərəfindən həbs edilmişdi. Bu “ermənilərin təşkil etdiyi qırğınlar” haqqında konspirativ söz-söhbət geniş yayımlanıb. Həmin söz-söhbətə görə, ermənilər məqsədlərinə nail olmaq üçün qırğınları özləri təşkil edib. Bu, milli kimlik baxışının məhək daşını təmsil edirdi: etnik azərbaycanlılar Ermənistanda zorakılıq və ədalətsizliklə üzləşərkən ermənilər cəzasızlıqdan yararlanıb və azərbaycanlıların daha çox əziyyət çəkməsini istəyib.”
Əminəm ki, bu paraqrafda nəyin çatışmadığı hər kəsin diqqətini çəkdi. Daha doğrusu, müəllifin erməni təbliğatının tezislərini olduğu kimi təkrarlaması bəlkə də avropalıların diqqətini çəkməyə bilər. Amma bizim deyil. Adam Sumqayıtda erməni poqromlarını təşkil etmiş erməni Qriqoryanın adını belə çəkmir, üstəlik o poqromların məhz ermənilər tərəfindən təşkil edildiyinə şübhə yaratmağa çalışır! Bu yanaşma erməni təbliğatı deyil də bəs nədir? Axı Qriqoryan işi gün kimi aydındır, ortada şahid ifadələri, özəlliklə də məhz onun dəstəsindəki ermənilər tərəfindən zorlanan, şiddətə məruz qalan ermənilərin ifadələri var! Bunları bilməyən, görməyən azərbaycanlı varmı?
Dediyimiz kimi, erməni təbliğat maşını Eminin ana itkisini siyasi təbliğat vasitəsinə çevirməsindən yararlanaraq Azərbaycana qarşı təbliğat apardığı kimi, bu Bəhruz adlı gəncin də erməni təbliğat tezislərini təkrarlamasından eyni dərəcədə yararlanır…
İndi bu “azərbaycanlılar” papaqlarını (varsa əlbəttə) qarşılarına qoyub düşünsünlər: necə olur ki, onların yazdıqlarına, əməllərinə erməni təbliğatçıları belə həvəslə bəh-bəh deyir? Özü də sıradan ermənilər deyil. Məhz anti-Azərbaycan təbliğatının önündə gedən təşkilatlanmış ermənilər!
Doğrudanmı o ermənilərin Eminin anasını itirməsinə ürəyi yanır? Doğrudanmı o ermənilər bu Bəhruz adlı gələcək “alimin” “elmi ziya”sına o qədər aludə olublar ki, onun yazısını müxtəlif dillərə çevirib ən populyar kanallarda tirajlayırlar?..
Düşünsünlər bu adamlar deyirik, amma boşuna…
Yazılarımdan birində yazmışdım: belə adamlar dünyasını dəyişəndə çaşıb kimsə onları Azərbaycanda dəfn etmək fikrinə düşməsin. Çünki bu müqəddəs torpaq onların ölüsünü belə qəbul etməyəcək!
Sonda: Emin Hüseynovla beynəlxalq tədbirlərdə tez-tez rastlaşırıq. Söhbət edirik. Bəzən onu kənardan müşahidə də edirəm. Yazığım gəlir ona. Özünü nə qədər tox tutmağa çalışsa da vətənsizlik, vətəndə istənməmək belini qırır. Amma bulaşdığı anti-Azərbaycan şəbəkədən qurtula bilmir, bilməyəcək. İndi bu Bəhruz adlı gənc də o qəbildəndir. Kim bilir harada nəyə bulaşıbsa, artıq açıq şəkildə erməni təbliğat maşınının kiçik bir vinti olmağı qəbullanıb. Yazıq, çox yazıq…