Son yeniləmə: 10 Avqust 2023 10:44
BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Idarə Heyətinin sədri Cemal Yanğının rəhbərlik etdiyi heyət KKTC-yə səfər edib.
Kibris Postası xəbər verir ki, səfər çərçivəsində ATİB heyəti Kıbrıs Türk Sənaye Palatasında (KTSO) olub: “KTSO-dan verilən məlumata görə, C.Yanğın və onu müşayiət edən nümayəndə heyəti KTSO-da olub, Palata sədri Ali Kamacıoğlu və idarə heyətinin üzvləri ilə görüşüb. Qonaq nümayəndə heyətini KKTC-nin Bakı təmsilçisi Ufuk Turqaner müşayiət edib”.
Məlumata görə, ATİB-in İdarə Heyətinin sədri C.Yanğın, “Kiçik-kiçik qruplar halında vaxt itirmədən Azərbaycana gəlin, iş görək, investisiya edək, məhsullarınızı bazara çıxaraq. Biz hər cür kömək etməyə hazırıq” deyib.
O, konkret addımların atılmasının vacib olduğunu bildirib.
KTSO sədri Ali Kamacıoğlu, ixracın palatanın hədəfi olduğunu vurğulayıb. O, sentyabrda Azərbaycana səfər edə biləcəklərini deyib.
Görüş zamanı Qarabağ bölgəsində investisiya imkanlarının və üstünlüklərinin olduğu vurğulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.