BAYRAQDAR MEDİA – ABŞ senatoru, Senatın xarici əlaqələr komitəsinin sədri Robert (Bob) Menendes qardaş Qırğızıstanı əsassız iddialarla ittiham edib. O, özünün də əmin olmadığı iddialara əsaslanaraq Qırğızıstan Prezidenti Sadır Caparova hətta diplomatik həddi aşa biləcək bir məktub yollayıb.
R.Menendesin məktubu hər hansı dəlillə təsdiqlənməyən, sözün həqiqi mənasında şayiələrdən qaynaqlanan iddialar əsasında yazılıb. Məktubda iddia edilir ki, qardaş ölkə Qırğızıstan guya Qərbin sanksiyalarından yayınmaqda Rusiyaya kömək edir.
R.Menendes onu da iddia edir ki, Qırğızıstanda vətəndaş cəmiyyəti və media sahəsində vəziyyət pisləşib.
Açığı, Rusiyaya köməklə bağlı məktubda bu məsələni də ayrıca qeyd etməyin nəyə gərək olduğunu məntiqlə izah etmək mümkün deyil. Amma biz bu senatorun niyə belə hədsizlik etdiyini yaxşı bilirik. Çünki özünü yaxşı tanıyırıq, illərdir izləyirik və hansı məzhəbə qulluq etdiyini bilirik.
Bu haqda sonda fikirlərimiz olacaq. İndi isə Prezident S.Caparovun sözügedən məktubla bağlı Qırğızıstanın “Kabar” Agentliyinə verdiyi qısa açıqlamanın tərcüməsini təqdim edirik.
Sadır Caparov Qırğızıstanın guya sanksiyalara qarşı davrandığı haqda bəyanatları şərh edib
-Bir sıra media qurumlarında xəbər yayılıb ki, ABŞ senatoru Robert Menendes sizin adınıza məktub yazaraq Rusiyaya qarşı sanksiyalara əməl etməyi xahiş edib. Eyni zamanda daha əvvəl o da məlum olub ki, bir Qırğızıstan şirkətinin Çin dronları və ya pilotsuz uçuş aparatlarından ibarət olan və Rusiyaya aparılmasına cəhd edilən yükü Qazaxıstanda saxlanılıb. Belə düşünə bilərikmi ki, bizim ölkəmiz Qərb sanksiyalarından yayınmaq məsələsində [Rusiyaya] kömək edir?
-Belə düşünmək üçün heç bir əsas və səbəb yoxdur. Rusiya və Çin balaca Qırğızsıtandan asılı deyil. Bu ölkələr onsuz da bir-birinə qonşudur. Onların arasında ümumilikdə 4 min km ortaq sərhəd var. Əgər Rusiya istəsə, arzu etdiyi istənilən yükü vaqonlar və ya dəniz üzərindən bərələrlə daşıya bilər.
Bəli, Qırğızıstan şirkətinə aid olan dron yükü Qazaxıstanda saxlanılıb. Şirkət izah edib ki, bu dronlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulub. Bununla belə biz indi dronların və pilotsuz uçuş aparatlarının xaricə daşınmasını qadağan etmişik.
Senatorun məktubuna gəlincə, mənim adıma bir çox tanınmış siyasətçilərdən məktublar gəlir. Bunu mən Qırğızıstana təzyiq göstərmək və bizi öz tərəflərinə çəkmək üçün adi bir səbəb kimi dəyərləndirirəm. Lakin biz buna imkan verməyəcəyik. Biz müstəqil ölkəyik. Biz bundan sonra da bütün ölkələrlə bərabər münasibətlərdə olacağıq. Çoxyönlü xarici siyasət aparacağıq.
Rusiya və Ukrayna məsələsində əvvəlcədən də bəyan etmişik ki, biz tərəfsiz mövqedəyik. Gələcəkdə də bu mövqedə qalmağa davam edəcəyik. Bizim mövqeyimizi dəyişib-dəyişməməyimizdən asılı olaraq vəziyyət kiminsə xeyrinə dəyişməyəcək. Bu, bizdən asılı məsələ deyil.
Əslinə qalanda Prezident S.Caparovun özü verdiyi açıqlamada R.Menendesin nə istədiyinə nəzakətli bir şəkildə işarə vurub. O, bildirir ki, ABŞ senatoru bu üsulla Qırğızıstanı öz tərəflərinə çəkməyə cəhd göstərir. Doğrudan da elədir. Yoxsa hər hansı ciddi və təsdiqlənmiş informasiya olmadığı halda ABŞ kimi bir dünya gücünü təmsil edən senator niyə bulaq başında səslənən iddialara əsaslanaraq bu qədər əsassız bir məktub yazsın ki?
Mümkündür ki, qardaş Qırğızıstan ictimai rəyində R.Menendesi yaxşı tanımasınlar. Amma biz Azərbaycanda, Türkiyədə onu yetərincə tanıyırıq və necə bir çirkin təbliğatçı olduğunu bilirik!
R.Menendes açıq erməni təbliğatçısıdır. Bütün türklərə, o cümlədən elə qırğızlara da nifrət edir. Bu adam bütün siyasi karyerasını ermənilərə alət olaraq türklərə qarşı fəaliyyət üzərində qurub. Onun hazırda gəlib çatdığı “zirvə” bir erməni layihəsidir. Bu layihənin mahiyyəti isə nə olursa-olsun, türkləri aşağılamaq, gözdən salmaq, onlara böhtan atmaq üzərində qurulub. Yəni türklər deyəndə biz sadəcə qardaş Türkiyə xalqını deyil, dünyanın hər tərəfindəki türkləri, o cümlədən də qırğız qardaş-bacılarımızı nəzərdə tuturuq.
Qırğızıstan, Prezident S.Caparovun da dediyi kimi, müstəqil dövlətdir, öz xarici siyasətini özü müəyyən edir, Rusiya-Ukrayna savaşında da tərəf tutmur. Yəni bu ölkə üçün ən doğrusu da budur. Amma R.Menendes düşünür ki, belə olmamalıdır. Qırğızıstan özünün məhdud imkanlarını, özəlliklə də Rusiya və Çinlə qonşuluğunu nəzərə almadan okeanın o tayındakı Sem dayının çaldığına oynamalıymış. Ki, günün birində Rusiya və Çinlə açıq qarşıdurma müstəvisinə çıxsın, ABŞ və tərəfdaşları da bir vaxtlar Gürcüstanı ortaqlıqda buraxdıqları kimi Qırğızıstanı da bərbad duruma sürükləsin. Təbii ki, Qırğızıstan dövlətini idarə edən şəxsin – S.Caparovun bütün bunları düşünmək üçün yetərincə ağlı və təcrübəsi var və ona görə də öz ölkəsini belə məsələlərdə məsafədə tutur…