Press "Enter" to skip to content

DOST Agentliyi 5 yaşında

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir

Son yeniləmə: 9 Avqust 2023 09:38

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 5 yaşı tamam olur.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Bu konsepsiya əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair15 istiqamət üzrə 159 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir”.

Məlumatda daha sonra deyilir: “Prezident İlham Əliyev “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” deyə vurğulayıb. Ötən dövrdə 7 DOST Mərkəzi, o cümlədən iki gün əvvəl, avqustun 7-də Bərdədə 9 rayonu əhatə edən Qarabağ Regional DOST Mərkəzi açılmaqla DOST xidmətləri şəbəkəsi daha da genişlənib. Həmçinin 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi istifadəyə verilib”.

Qeyd olunub ki, DOST Mərkəzlərində indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib: “Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. Azərbaycanda 2025-ci ilədək DOST mərkəzlərin sayının 17-yə, DOST filiallarının sayının isə 55-ə çatdırılması nəzərdə tutulur. Ölkəmizin uğurlu sosial islahat təcrübəsi olan DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən dövrdə DOST Agentliyi 13 beynəlxalq mükafat və sertifikatla təltif olunub.O cümlədən, Agentlik Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı və s. layiq görülüb”.

Mission News Theme by Compete Themes.