Son yeniləmə: 9 Avqust 2023 14:35
BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-iyul ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 346 min 847 şəxs qəbul edilib, onlara 651 min 130 sayda xidmət göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 9-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “bunlardan 175 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 159 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 87,9 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib”.
Məlumata əsasən, yanvar-iyul ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 14,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 7,2 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 232 mindən yuxarı SMS göndərilib: “Dövr ərzində 1 min 994 vergi ödəyicisinin iştirakı ilə 159 görüş keçirilib, 2 min 754 ödəyiciyə ünvanlı xidmət göstərilib. İlin əvvəlindən ümumilikdə 146 min 608 müraciət üzrə 221 min 162 Asan İmza sertifikatı verilib. 11,2 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib”.