Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim-pediatr Leyla Rəhimova: Körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim nevroloqu Leyla Rəhimova uşaqlarda nevroloji problemlər, yuxusuzluq, uşağın inkişafının gecikməsinə səbəb olan amillər və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “həkim nevroloq bildirib ki, uşaqlar arasında nevroloji patologiyalar mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər: “Doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək olar. Uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozlar aiddir”. Yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərindən danışan mütəxəssis neonatal dövrün körpə üçün xarici mühitə uyğunlaşmasında həlledici olduğunu deyib. O, neonatal dövrün uşaq doğulandan 28 gününə qədər davam etdiyini də qeyd edib. Bundan əlavə, L.Rəhimova hamiləlik dövrünün fizioloji vəziyyət qənaətbəxş olduqda və doğuş fəsadsız keçdikdə, yeni doğulanlarda əsas qiymətləndirilmə neonatoloq tərəfindən aparıldığını, əgər nevroloji simptomlar qeyd olunarsa, körpə neonatoloq tərəfindən nevroloqa yönəldildiyini diqqətə çatdırıb”.
Həkim-pediatr uşaqlarda yuxu pozğunluğunun səbəblərini də açıqlayıb. Bildirib ki, sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi (uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə), müxtəlif somatik xəstəliklər, xüsusən də yüksək hərarət, bağırsaq sancıları, mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar yuxusuzluğun əsas səbəbləridir.
Xəbərdə həmçinin bildirilir ki, “L.Rəhimova uşağın inkişafının gecikməsindən danışarkən ananın xroniki xəstəlikləri, hamiləlik zamanı alkoqol istifadəsi, psixotrop dərmanlar, irsi faktorlar, məişət şəraitinin münasib olmaması, ailədaxili münasibətlər, zəif qayğını əsas səbəblər kimi göstərib”.
Sonda mütəxəssis valideynlərə məsləhətlərini də çatdırıb: “Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə diqqət yetirin. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa”.
Bundan əlavə, o bildirib ki, körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicə təyin olunur.