BAYRAQDAR MEDİA – Türkiyə Silahlı Qüvvələrində (TSK) yüksəliş və təyinatların müzakirə ediləcəyi Ali Hərbi Şuranın (YAŞ) toplantısı Cümhurbaşqanı Recep Tayyip Erdoğanın sədrliyi ilə başlayıb.
Milliyet xəbər verir ki, R.T.Erdoğan və YAŞ üzvləri Cümhurbaşqanlığı Külliyesindəki görüşdən əvvəl Anıtkabirə gəliblər. R.T.Erdoğan Mustafa Kemal Atatürkün məqbərəsi önünə ay-ulduzlu əklil qoyduqdan sonra onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib və İstiqlal Marşı oxunub.
Cümhurbaşqanı R.T.Erdoğanın başçılıq etdiyi nümayəndə heyəti məqbərəyə aparan pilləkənlərin qarşısında şəkil çəkdirdikdən sonra Misak-ı Millî Kulesinə gedib və xatirə kitabına bunları yazıb: “Əizi Atatürk. Ali Hərbi Şuranın üzvləri olaraq Sizi və qəhrəman şəhidlərimizi bir daha rəhmətlə yad edirik. 2023-cü il Şura iclasımızın faydalı olmasını arzu edirik. Türkiyə yaxın ətrafdakı işlərə və gərginliyə baxmayaraq, bölgəsində cazibə mərkəzi olmağa davam edir. Millətimizə söz verdiyimiz Türkiyə Yüz ilini qurmaq və gələcək nəsillərə daha firavan, daha prestijli, daha sülhsevər bir ölkə çatdırmaq üçün hər sahədə sıx səy göstəririk. Bu mübarizədə ən böyük güc və güvən mənbəyimiz yüksək vəzifə hissi, çəkindirmə qabiliyyəti və üstün imkanları ilə millətimizin göz bəbəyi olan Türk Silahlı Qüvvələrimizdir. İnşallah bugünkü Şura iclasımızda alacağımız qərarlarla ordumuzu gücləndirəcəyik. Ruhun şad olsun”.
Anıtkabir ziyarətindən sonra YAŞ-ın R.T.Erdoğanın sədrliyi ilə toplantısı başlayıb.
Qəbul edilməsi gözlənilən qərarlar arasında ən çox maraq kəsb edəni Baş Qərargah rəisi vəzifəsinə kimin təyin ediləcəyidir.