Press "Enter" to skip to content

Kitab tanıtma: “Xəzərin göz yaşları”

Xəzərin göz yaşları

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də müəllifi yazıçı, ictimai xadim, Prof. Əzizə Cəfərzadə olan “Xəzərin göz yaşları” kitabıdır.

Kitab yazıçının sağlığında dərc olunmuş sonuncu romanıdır. Yazıçı bu əsəri 2002-ci ildə – vəfatından bir il əvvəl qələmə alıb. Stalin rejiminin törətdiyi faciələrdən biri də 38-ci il faciəsidir. Bu faciənin insan talelərindəki dağıcı təsiri romanın hər səhifəsində, hər cümləsində oxucunun qəlbini yaralayır.

Nəşrin annotasiyasında deyilir: “Azərbaycan ədəbiyyatında bu mövzuya ilk dəfədir ki, müraciət olunur. 1938-ci ildə o taydan bu taya bir parça çörək qazanmaq üçün gəlmiş güneyli soydaşlarımızı Stalinin göstərişi ilə üç-dörd günün içində məcburən İrana deportasiya edirlər. Bu prosesdə baş vermiş faciələr miqyası etibarilə heç də bir il əvvəlki repressiya dalğasından geri qalmırdı. Bu dəfə sadə insanların həyatı alt-üst edilmişdi, ana baladan, ər arvaddan, nişanlılar bir-birindən əbədi olaraq ayrı düşmüşdülər. Xalq şairi Balaş Azəroğlunun ailəsi də bu deportasiyadan öz nəsibini almışdı. Unudulmaz şair başlarına gətirilmiş bu müsibəti özünün “Xatirələrim” kitabında müfəssəl qələmə alıb. Amma Balaş müəllim bu hadisələri memuar kimi yazıb. “Xəzərin göz yaşları”nı oxuyanda tez-tez o kitabda qələmə alınmış hadisələri xatırlayırdım. Əzizə xanım yazır ki, bu roman mənim bir yazıçı kimi fəryadımdır: Əziz oxucum! Yadından çıxarma, sənin xalqının taleyində bir 38-ci il olub. Faciəsiylə heç də 37-ci ildən geri qalmayan 38-ci il olub millətimizin taleyində… Ana balasından ayrı düşəndə nələr demişik. O mələrtidən bu 38-in mələrtisi daha faciəli oldu. Millətin doğma torpağında vətəndaşlıq hüququ olmadı. Nəticədə pənahəndə olub qaldı”.

Qeyd edək ki, kitabın naşirin İlkin Tomar, redaktoru filologiya elmləri doktoru , Prof. Vaqif Sultanlı, korrektoru Fəxrəddin Məmmədov, dizayneri və tərtibatçısı isə Sahil Amirdir.

Mission News Theme by Compete Themes.