BAYARQDAR MEDİA – Beyləqan Suvarma Sistemləri İdarəsi hər il olduğu kimi bu il də suvarma mövsümünə ciddi hazırlaşıb. Bunun nəticəsi olaraq rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasında problem yaşanmayıb.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, 2023-cü ildə 400 km suvarma kanalı lildən təmizlənib: “Paylayıcı kanalın 1100 metr hissəsinin beton üzlüyə alınması və 3,7 km nov kanalın tikintisi planlaşdırılıb ki, bununla da suvarma zamanı su itkisinin qarşısı alınmış olacaq. İdarənin balansında olan torpaq məcralı kanallarda isə plana uyğun olaraq bu ilin əvvəlindən etibarən lildən təmizləmə işləri davam edir. Hazırda uzunluğu 45 km, xidmət sahəsi 16 min hektara yaxın olan Xan qızı kanalında bu işlər davam edir”.
Bildirilib ki, “Beyləqan Suvarma Sistemləri İdarəsi 2023-cü il suvarma mövsümünə hazırlıq məqsədilə balansında olan nasos stansiyaların, subartezian quyularının sazlığını da nəzarətdə saxlayıb və suvarmaya start verilən gündən tam işlək vəziyyətdədirlər. Belə ki, nasos stansiyalarda, o cümlədən subartezian quyularının dərinlik nasoslarında təmir işləri aparılaraq istifadəyə tam hazır vəziyyətə gətirilib. Bundan başqa kanallar üzərində yerləşən hidrotexniki qurğular da təmir olunub. Beyləqan Suvarma Sistemləri İdarəsi torpaq sahələrinin şoranlaşmasının qarşısının alınması, qrunt sularının axıdılması üçün 1330 km-dən uzun olan kollektor-drenaj şəbəkəsinə də xidmət edir ki, həmin kollektor-drenaj sistemi vaxtında lildən təmizlənir. Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi Beyləqan Suvarma Sistemləri İdarəsi 2 mənbədən su götürməklə rayon ərazisində 51356 ha sahəni suvarma suyu ilə təmin edir. Belə ki, Baş Mil kanalı vasitəsilə Araz çayından su götürməklə 43288 ha, Qarabağ kanalı vasitəsilə Kür çayından su götürməklə 8066 ha sahə suvarma suyu ilə təmin edilir”.