Press "Enter" to skip to content

Bakı məktəblilərinin Sloveniya səfəri

Səfərdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Bakı şəhəri 171 nömrəli tam orta məktəbin müəllim və şagirdlərindən ibarət nümayəndə heyətinin Sloveniyaya səfəri başa çatıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı günlərində “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) çərçivəsində təşkil olunan səfərdə məktəb nümayəndələri ilə yanaşı Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Nazirliyin İdman sektorunun əməkdaşı Aygün İbrahimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, OCEP layihəsinin rəhbəri Ceyhun Rəhmanov, layihənin koordinatoru Namiq Cəfərov, Milli Olimpiya Komitəsinin (MOK) Xarici əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov da iştirak ediblər. MOK-un baş katibi Azər Əliyev Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı 171 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb. Azər Əliyev OCEP-in fəaliyyəti barədə geniş məlumat verib və məktəblilərə müvafiq tövsiyələrini çatdırıb”.

Məlumata əsasən, XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP çərçivəsində Azərbaycan guşəsinin açılışı olub: “Guşədə ölkəmizin mədəniyyətini, tarixini, idmanını, mətbəxini, həmçinin Azərbaycan-Sloveniya dostluğunu və digər sahələri əhatə edən təqdimat və viktorinalar nümayiş olunub. Eyni zamanda Azərbaycan məktəbinin şagirdləri milli rəqslər ilə çıxış ediblər. Bundan başqa, qonaqlara Azərbaycandan gətirilmiş hədiyyələr təqdim olunub. Çoxsaylı qonaqlar, idmançılar və rəsmi nümayəndələr tərəfindən pavilyona böyük maraq göstərilib. Azərbaycan nümayəndə heyəti və məktəblilər Sloveniyaya səfər çərçivəsində Maribor şəhərində Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. 171 nömrəli tam orta məktəbin şagirdləri Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandasını dəstəkləyiblər.

Həmçinin səfər zamanı Azərbaycan nümayəndə heyəti 3 məktəbəqədər təhsil müəssisəsində olub. Görüş zamanı uşaqlar rəqs nümunələrini təqdim edib və müxtəlif oyunlar oynayıblar”.

Nümayəndə heyəti Sloveniyanın Lyubyana şəhərinə və Avstriyanın paytaxtı Vyana şəhərinə də səfər edib: “Səfər çərçivəsində Azərbaycanın Avstriyadakı səfirliyində 171 nömrəli tam orta məktəbin nümayəndə heyəti ilə səfirliyin əməkdaşları arasında görüş keçirilib”.

Mission News Theme by Compete Themes.