BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yazıçı, naşir, ictimai xadim Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” (“Xatirə ədəbiyyatı” silsiləsindən) kitabı da var.
Kitabda qeyd edilir ki, bu kitab görkəmli ziyalının ömrünün son illərində qələmə aldığı, həyatının xəyallar-qarabasmalar və yuxu arasında, arzular və gerçəklik içərisində çabalayaraq yaşadığı xatirələrdən və yuxulardan ibarətdir. Yuxu həm də seçilmiş bədii üsuldur. Xatirələrdə bir çox həqiqətlər sətiraltı, bir çox faktlar isə yuxu örtüyü ilə təqdim edilsə də, onlardan belə C.Hacıbəylinin şəxsiyyəti, yaşadığı həyat, duyğuları, həsrəti və narahatlığı haqqında aydın təsəvvür əldə etmək mümkündür.
Kitaba AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazdığı “Vətən həsrətli Ceyhun Hacıbəyli” adlı ön sözündə deyir: “Azərbaycan oxucusu təəssüf ki, hələ də Ceyhun Hacıbəyli və onun yaradıcılığı haqqında əsaslı məlumata malik deyil. Bir çox araşdırmaların mövcud olmasına baxmayaraq, onun çoxcəhətli fəaliyyəti hələ ki əhatəli və əsaslı şəkildə tədqiq edilməyib. Halbuki bu istiqamətdə iş aparılmasının zəruriliyi göz önündədir. Bu, təkcə elmi-ədəbi irsimiz deyil, elə dövlətçiliyimizin tarixinin öyrənilməsi istiqamətində də əhəmiyyətli addım ola bilər. Kitab təkcə şairin yaşantılarına deyil, anası, atası, qardaşı, böydüyü və yaşadığı mühitə də işıq salır. Bütün bunlara görə bu xatirələr Azərbaycan mühacirəti haqqında qiymətli mənbədir. İlk dəfə kitab halında oxuculara təqdim edilən bu xatirələr təsirli bir povest təsiri bağışlayır”.
Qeyd edək ki, nəşri fransız dilindən tərcümə edən filologiya üzrə fəlsəfə doktoru Şamil Zaman, redaktor filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, naşir filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, korrektor Asifə Əfəndi, rəssam Vasif Səftərov, texniki redaktor Bəxtiyar Ələkbərovdur. Dizayn və qrafika isə Teymur Fərziyə aiddir.