Son yeniləmə: 1 Avqust 2023 13:16
BAYRAQDAR MEDİA – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, “başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası, layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi yekunlaşıb”.
Məlumata əsasən, layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri yerlərdə yeraltı keçidlərin inşası da 100 faiz yerinə yetirilib: “Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin, yolun 14 və 42-ci kilometrlik hissəsində 66 və 43 metr uzunluğa malik yol qovşaqlarının və yolun 4, 14 və 16 kilometrlik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi tamamlanıb. Yolun 29-cu kilometrində “Pit stop” (Dayan Dincəl) məntəqəsinin yerləşəcəyi ərazidə tikinti işləri isə davam edir. Hazırda yol boyu aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) tikintisi, işıq dirəklərinin quraşdırılması istiqamətində işlər həyata keçirilir. Artıq avtomobil yolunun ilk 10 kilometrlik hissəsində aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) döşənməsi işləri yekunlaşıb”.
Qeyd edilib ki, ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra olunub: “Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir”.