Son yeniləmə: 1 Avqust 2023 23:28
BAYRAQDAR MEDİA – Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu günlə bağlı araşdırmaçı-jurnalist, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin sədri Anar Turan BAYRAQDAR MEDİA ilə fikirlərini bölüşüb.
Əlifbanı xalqın silahı, milli mənəvi sərvəti adlandıran A.Turan bildirib ki, hər xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həm də onun əlifbası, yazı sistemi təşkil edir: “Əlifba xalqın silahı, milli mənəvi sərvətidir. Həmçinin mədəni və mükəmməl bir sistemdir əlifba. Özümüzün yazı tərzimizin, fikrimizin şəkilləndirildiyi bir vasitədir. Bildirim ki, bu gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Onu da deyim ki, XX əsrdə Azərbaycan üç dəfə əlifba dəyişikliyinə məruz qalıb. Ötən əsrin əvvəllərində ərəb əlifbası, sonra latın qrafikasına keçid olub, sonra kirilə keçid olub. Təxminən biz 60 il kiril əlifbası ilə yazmaq məcburiyyətində qalmışıq. Müstəqilliyimizin bərpasından sonra yenidən latın əlifbasına keçid olub. Bütün 100 ilin içində baş verən bu proses bizim xalqın ictimai şüuruna, milli düşüncəsinə, dərketmə prosesinə nə qədər zərbə vurub. Son dövrlər ictimai sferada savadsızlığın geniş yayılmasında da həmin o əlifba dəyişikliyinin təsiri böyük rol oynayıb. Çünki insanlar öyrəşdiyi ədəbiyyat siyahısına, mənbələrə sıfırdan başlamaq məcburiyyətində qalıblar. Şükürlər olsun ki, o dövrü keçdik, indi hər birimiz həm kiril, həm də latın əlifbasında yazmağı bacarırıq”.
A.Turan həmçinin dil sahəsində mühüm işlər görmüş Azərbaycan ziyalılarından danışarkən dilçi alim Afad Qurbanovu xüsusi vurğulayıb: “Qeyd edim ki, Azərbaycanda bir çox ziyalılar olub ki, latın qrafikasına keçid məsələsinin vacibliyini ortaya qoyublar. Onlardan biri görkəmli dilçi-alim Afad Qurbanov olub. A.Qurbanovun təşəbbüsü ilə 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Azərbaycanda əlifba islahatlarının aparılmasında onun bir komissiya sədri kimi çox mühüm xidmətləri olub və latın qrafikası əsasında hazırlanmış bu gün də istifadə edilən Azərbaycanın yeni müstəqil əlifbasının müəllifi kimi onu xatırlatmaq yerinə düşər”.
“Əlifba mədəniyyəti ilə dil mədəniyyəti vəhdətdə olmalıdır” söyləyən araşdırmaçı-jurnalist öncə hər bir vətəndaşın texniki sahədə Azərbaycan dilinin mövcudluğunu təmin etməli olduğunu bildirib: “Biz bu gün artıq rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrə qədəm qoymuşuq. Yəni burada Azərbaycan əlifbasından və dilindən istifadə üstünlük təşkil etməlidir. Biz 70 il Sovet cəmiyyətində yaşadığımız üçün bizim məişət dilimiz demək olar ki, ruscadır. Biz bunu heç cür leksikomumuzdan çıxara bilmirik. Bunun üçün öncə texniki sahədə Azərbaycan dilinin mövcudluğunu, güclənməsini, inkişafını təmin etməliyik. Yəni əsas işlərimizdən, vəzifələrimizdən biri də bu olmalıdır. O cümlədən rəqəmsal mühitdə, kompüter texnologiyaları dövründə yeni alınma sözlərin sürətini azaltmaq üçün öz dilimizin alternativ bazasından istifadə edərək o boşluqları doldurmalıyıq ki, gələcək nəsillər öz dilimizdə danışmağa daha çox üstünlük versinlər və gələcək nəsillərimizin yaddaşında öz dilimizin imkanları daha geniş, böyük resursa, areala sahib olsun”.
O, eləcə də Azərbaycan tarixində iz qoyan hökmdarlardan Şah İsmayıl Xətainin dil sahəsində gördüyü işləri xatırladıb: “Tarixdə iz qoyan bizim bir sıra hökmdarlarımız olub. Amma biz onların içində Şah İsmayıl Xətaini xüsusi qeyd edirik. Ona görə ki, Xətai ilk dəfə türk dilini dövlət dil səviyyəsinə yüksəldib. Məhz təkcə bu addımına görə o, tarixdə ehtiramla xatırlanır. Çünki bir millətin ayaqda durması, varlığını sürdürməsi, min illər boyu yaşaması üçün vacib olan əsas faktor onun ünsiyyət vasitəsi olan dilidir. Lakin dil təkcə ünsiyyət vasitəsi deyil. O, xalqın tarixini, ədəbiyyatını, mədəniyyətini ehtiva edən bir vasitə, kimlik göstəricisidir”.
Sonda İctimai Birlik sədri hər kəsi 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təbrik edib.