Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev: Tibbi kosmetologiya səhiyyə sahəsi kimi müəyyən olunur və müxtəlif prosedurları əhatə edir
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev kosmetoloji mərkəzlərə nəzarət, bu mərkəzlərdə çalışanlar, onların təhsili və s. haqda sualları cavablandırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “R.Quliyev əvvəlcə kosmetoloji fəaliyyət göstərən mərkəzlərə, estetik klinikalara nəzarətin necə aparıldığı haqqında məlumat verib. O bildirib ki, kosmetoloji iş üzrə ambulator tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziya əldə etməlidirlər. Həmçinin o vurğulayıb ki, bu müəssisələrdə kosmetoloji iş üzrə ambulator tibbi xidmətin göstərilməsinə nəzarət SN-nin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, eyni zamanda daxil olmuş şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır”.
Belə mərkəzlərdə çalışan şəxslərin təhsili haqqında o deyib: “Kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan, bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər. Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdır. Həmçinin, bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər. “Özəl tibb fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər”.
Bu mərkəzlərə rəy verilməsi qaydalarından danışarkən R.Quliyev bildirib ki, “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, lisenziya verən qurum kimi İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması ilə əlaqədar SN-nin rəyini alır: “kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. Müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir. Müsbət rəy nəzərə alınmaqla müəssisəyə Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun kosmetoloji iş üzrə müvafiq lisenziya verilə bilər. Rəyin verilməsi və sonrakı nəzarət tədbirləri zamanı müəssisənin tələblərə uyğun təşkil olunması SN-nin 07 aprel 2009-cu il tarixli 37№-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” və digər normativ aktlarla qiymətləndirilir”.
Kosmetoloji fəaliyyət bir çoxları tərəfindən tam olaraq tibbin bir sahəsi kimi qəbul olunmur. R.Quliyev bununla bağlı da fikirlərini bölüşüb: “NK-nin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub və tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur”.
Eyni zamanda o bildirib ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.