Press "Enter" to skip to content

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatır

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – İyulun 31-də saat 23:59-da tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesi başa çatacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də Azərbaycanda və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu portal vasitəsilə həyata keçirilir. Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır”.

Daha sonra xəbərdə, “qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər” deyə bildirilir.

Qeyd edək ki, proseslə bağlı əlavə məlumat əldə etmək üçün sözügedən Nazirliyin 146-6 Çağrı Mərkəzi və ya rəsmi Whatsapp xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür.

Mission News Theme by Compete Themes.