Son yeniləmə: 31 İyul 2023 10:03
BAYRAQDAR MEDİA – Bakıda qardaş Özbəkistanın Mədəniyyət Günləri keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “layihə çərçivəsində Daşkəndin Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı ADAMT-nin səhnəsində çıxış edəcək. Kollektiv avqustun 2-də saat 19:00-da “Ötən günlər” və avqustun 3-də saat 18:00-da “Qayınana” tamaşasını oynayacaq. Qeyd edək ki, “Ötən Günlər” tamaşası özbək ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Abdulla Qədrinin eyniadlı romanının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin bəstəkarı Sərvər Yusupov, rejissoru Bahodir Nazarovdur. “Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyasının isə rejissoru Daston Xakberdiyevdir. Hər iki tamaşanın dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimovdur”.
Xatırladaq ki, özbək teatrının ifasında “Qayınana” tamaşası Musiqili Teatrının səhnəsində ilk dəfə deyil. Ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin ifasında da nümayiş olunub.