Press "Enter" to skip to content

Oğuzda sel sularından mühafizə tədbirləri

Selə qarşı qabaqlayıcı tədbirlərini davam etdirilir

Son yeniləmə: 31 İyul 2023 14:35

BAYRAQDAR MEDİA – Hər il olduğu kimi Oğuz Suvarma Sistemləri İdarəsi bu il də rayon ərazisində mövcud əkin sahələrinin suvarılmasını, o cümlədən selə qarşı qabaqlayıcı tədbirlərini davam etdirir.

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, idarə 13 min 39 ha torpaq sahələrini suvarma suyu ilə təmin edir: “Suvarma suyu təsərrüfatlara idarənin balansında olan ümumi uzunluğu 549 km 74 ədəd suvarma kanalları vasitəsi ilə öz axını ilə verilir. Suvarma kanallarının su mənbəyi Daşağıl çay, Oğuz çay, Xal-Xal çay, Qala çay və Qara su sistemləridir. Bu çaylar dağ çayları olduğundan sel suları zamanı çayların daşması kanalların tez-tez qum-çınqılla dolmasına və lillənməsinə səbəb olur. Bəzən bir kanal il ərzində bir-neçə dəfə lildən təmizlənməli olur. Bir başa çaylardan su götürən kanalların müəyyən hissələri çay yatağında yerləşdiyindən həmin hissələr də il ərzində bir neçə dəfə təmizlənməli və bərpa olunmalı olur”.

Bildirilib ki, bu il Oğuz rayonunda suvarılacaq sahələrin 2 min 473 hektarını taxıl, 235 hektarını qarğadalı, 113 hektarını tütün, 444 hektarını yonca, 203 hektarını bostan tərəvəz, 5 min 951 hektarını çoxillik əkmələr və 1 min 794 hektarını həyətyanı əkmələr təşkil edir: “Hazırda adıçəkilən əkin sahələrində suvarma davam edir. Oğuz Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı rayon ərazisindəki yaşayış məntəqələrini və əkin sahələrinin sel və daşqın sularından mühafizəsini də təşkil edir. Bu məqsədlə istismar tədbirləri planına uyğun olaraq çaylarda mexanizimlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işlərini həyata keçirir. 2023-cü ildə 41 min m³ ekskovatorla və 159 min m³ buldozerlə sel və daşqına qarşı mübarizə məqsədi ilə çay məcralarının tənzimlənməsi işi görülüb. Qeyd edək ki, 2023-cü ildə idarənin əsaslı təmir planına əsasən 4 ədəd subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlaması, bir ədədinin əsaslı təmiri, bundan əlavə Həsənbəy kanalının 1 min 660 paqonometr hissəsinin beton üzlüyə alınması işi planlaşdırılıb. Cari təmir planına əsasən isə 1 min 600 m³ həcimdə daş-beton bəndinin təmiri, 25 ədəd subartezian quyularının cari təmiri və 25 ədəd hidropostların cari təmiri işləri planlaşdırılıb”.

Mission News Theme by Compete Themes.