Press "Enter" to skip to content

“Ya qanunauyğun şəkildə yaşamalı, ya da çıxıb getməlidirlər”

Müzakirələr zamanı

Son yeniləmə: 28 İyul 2023 12:08

“Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində müzakirələr keçirilib

BAYRAQDAR MEDİA – “30 il öncə Qarabağda ermənilərlə birgə necə yaşayırdınız? Hansı şəraitdə birgəyaşayışınız yenidən mümkün ola bilər? Sülh üçün nə etmək lazımdır?. Bu sualları Qarabağdan didərgin düşən, ev-eşiyini itirən, şəhid verən, qazi olan və ağrılarını unutmayan insanlara ünvanlamaq heç də asan deyil. Hətta bəziləri məsələni xeyli qəlizləşdirərək, birgəyaşayışın heç vaxt mümkün olmayacağını iddia edir, başqalarının da bu fikirlə razılaşmaması üçün səslərini qaldırırlar. Amma məcburi köçkünlərin əksəriyyət artıq başa düşür ki, regionda dialoqa və barışığa ehtiyac var, bu isə birgəyaşayışa aparır”.

Bu barədə BAYRAQDAR MEDİA-ya Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyindən məlumat verilib.

Görüşlərdən xatirə fotosu
Görüşlərdən xatirə fotosu

Qeyd edilib ki, müzakirələr 2023-cü il iyulun 1-dən sentyabrın sonunadək həyata keçirilən “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində gerçəkləşib: “Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin icra etdiyi layihəni QHT-lərə Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib. Görüşlərə Yevlax rayonunun 32-ci məhəllə, Mingəçevir şəhərinin “Yeni həyat” və Bərdə rayonunun 866 saylı məcburi köçkün qəsəbələrində yaşayan bir qrup şəxs qatılıb. Tarixi münaqişələrin birgəyaşayışa təsirindən danışan müzakirə iştirakçıları azərbaycanlı və erməni toplumları arasında yenidən birgə yaşayış üçün keçiləcək mərhələlər, bu iki xalqın müxtəlif mədəniyyətləri arasında bağlılıqlar, xüsusən idman, incəsənət, musiqi və digər sənət növlərində, eyni zamanda iqtisadi-ticarət sahələrində əməkdaşlıq barədə düşüncələrini bölüşüblər. Onlar diqqətə çatdırıblar ki, sağlam münasibətin qurulması üçün Qarabağda yaşayan erməni icması Azərbaycan vətəndaşlığını qəbul etməli və başqa azsaylı xalqlar kimi ölkədə qanunauyğun şəkildə yaşamalıdırlar. Əgər kimsə bunu istəmirsə, ölkə başçısının dəfələrlə vurğuladığı kimi, yol açıqdır, çıxıb gedə bilər”.

Məlumata əsasən layihə rəhbəri Fərman Nəbiyevin deyib ki, gərgin diskussiya şəraitində aparılan müzakirələr ictimai rəyi öyrənməyə və sonda real mənzərəni hökumətin diqqətinə çatdırmağa kömək edir: “Köçkünlərin fikirləri birgəyaşayışla bağlı gələcəkdə dövlət proqramının hazırlanmasında da əhəmiyyətli rol oynaya bilər”.

Layihə rəhbəri onu da vurğulayıb ki, müzakirələr artıq başa çatıb: “Avqust ayında real vəziyyətdən bəhs edən qısa sənədli film çəkiləcək və sentyabrda ictimaiyyətin müzakirəsinə çıxarılacaq”.

Müzakirələrdə Qaçqınkomun və icra hakimiyyətlərinin nümayəndələri də iştirak ediblər.

Mission News Theme by Compete Themes.