Press "Enter" to skip to content

İkitərəfli əməkdaşlıqda yeni mərhələ

Səfir Alim Bayel (ortada) görüş zamanı

Alim Bayel: Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 50 faiz artıb

BAYRAQDAR MEDİA – Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni səviyyəyə qalxır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə bildirilib.

Səfirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüş zamanı Alim Bayel Qazaxıstanın və Azərbaycanın dövlət başçılarının 2022 və 2023-cü illərdə reallaşan qarşılıqlı səfərlərinin faktiki olaraq ikitərəfli əməkdaşlığın yeni mərhələsini açdığını qeyd edib.

Məlumata əsasən, diplomat, həmçinin 11 sənədin imzalandığı Qazaxıstan baş nazirinin bu ilin iyun ayında Azərbaycana rəsmi səfərinin məhsuldar olduğunu da vurğulayıb: “Bildirilib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında birgə müəssisənin təsis edilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsi ilə bağlı birgə müəssisənin yaradılması, habelə Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəql həcmlərinin artırılması haqqında sənədlər xüsusilə böyük önəm daşıyır”.

Öz növbəsində, Mikayıl Cabbarov hazırkı qeyri-stabil geosiyasi vəziyyətdə Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyib: “Nazir, Qazaxıstan istehsalı olan dəmiryol lokomotivlərinin Azərbaycana və Azərbaycan gəmilərinin Qazaxıstana tədarük edilməsi kimi layihələrin tezliklə həyata keçirilməsinə Azərbaycanın hazır olduğunu bildirib. Söhbət əsnasında o, Orta Dəhlizin rəqəmsal inkişafının vacibliyinə, vahid pəncərə prinsipi ilə nəqliyyat-logistika sisteminin yaradılmasına diqqət çəkib”.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb

Məlumatda vurğulanır ki, M.Cabbarov Qazaxıstanla Azərbaycanın həm Xəzər dənizi hövzəsində, həm də digər regionlarda neft-qaz layihələrdə birgə iştirakının mümkünlüyünü nəzərdən keçirtməyi təklif edib: “Bundan başqa, azərbaycanlı nazir Qazaxıstanın dənli bitkilərin istehsalçısı və tədarükçüsü kimi etibarlı tərəfdaş olmasının vacibliyini qeyd edib”.

Səfir A.Bayel Qazaxıstanla Azərbaycan arasında mədəni-humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn bir sıra təkliflər də irəli sürüb: “Bu kontekstdə iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd etmək lazımdır. Belə ki, 2023-cü ilin 5 ayının yekunlarına əsasən, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 50 faiz artıb (162,5 milyon dollardan 243,6 milyon dollaradək). 2023-cü ilin əvvəlindən Orta Dəhliz (TXNM) üzrə daşımalar 64 faiz artaraq, 1 milyon tondan çox təşkil edib. Qazaxıstan, həmçinin Azərbaycana 300 milyon ABŞ dolları həcmində 100 mal mövqeyi üzrə ixracını artırmağa və ikitərəfli ticarətinin həcmini dövlət başçılarının tapşırığına uyğun olaraq 1 milyard dollar səviyyəsinə çatdırmağa hazırdır. Bundan başqa, cari ilin iyun ayından Qazaxıstanın və Azərbaycanın aviaşirkətləri tərəfindən yerinə yetirilən aviareyslərin say limiti həftədə 32-dən 42-dək qaldırılıb”.

Mission News Theme by Compete Themes.