Son yeniləmə: 28 İyul 2023 13:14
BAYRAQDAR MEDİA – İyulun 25-26-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Astana Dövlət Qulluğu Qovşağının (ACSH) birgə tərəfdaşlığı ilə “Azərbaycanda rəqəmsal hökumətin inkişafı” mövzusunda ekspert vörkşopu keçirilib.
Bu bardəd BAYRAQDAR MEDİA-ya iyulun 28-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumat verilib.
Bildirilib ki, vörkşop ölkədə rəqəmsal hökumət çağırışları, tərəfdaşlıqları və inkişaf perspektivlərini araşdırmaq üçün yerli və xarici ekspertləri bir araya gətirib: “Tədbir iştirakçılar üçün rəqəmsal hökumətin tətbiqi ilə bağlı fikir, bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayıb. Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, Astana Dövlət Qulluğu Qovşağının Rəhbər Komitəsinin sədri Alixan Baimenov, BMT-nin Rəqəmsal Hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro və Beynəlxalq Telekommunikasiya İttifaqının regional direktoru Natalia Moçu çıxış ediblər”.
Məlumata əsasən, tədbirin davamında Azərbaycanın rəqəmsal hökumətin inkişafı ilə bağlı təcrübələri, əldə etdiyi nailiyyətlər, gələcək planları, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası və regionda lider olmaq yolunda irəliləyişləri müzakirə edilib: “İki gün davam edən tədbirin növbəti günündə sahənin nüfuzlu beynəlxalq ekspertləri vətəndaş xidmətlərinin təkmilləşdirilməsi üzrə rəqəmsal hökumət strategiyaları, hərtərəfli rəqəmsal transformasiya üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın təşviqi kimi istiqamətlərdə təcrübələrini bölüşüblər. BMT-nin Rəqəmsal Hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro bu sahədə qlobal, regional və milli tendensiyaları özündə birləşdirən 2022-ci il Elektron Hökumət Sorğusunun əsas məqamlarını bölüşüb. İnteraktiv sessiyalar zamanı xarici mütəxəssislər tərəfindən rəqəmsal hökumətin inkişafı istiqamətində dünyanın müxtəlif ölkələrindən uğurlu tədqiqat nümunələri təqdim edilib”.
Qeyd edilib ki, vörkşopun əsas məqsədi müxtəlif maraqlı tərəfləri və sənaye ekspertlərini bir araya gətirmək, Azərbaycanın rəqəmsal hökumət səyləri haqqında məlumatlılığı təmin etmək və ölkənin rəqəmsallaşma sahəsində qabaqcıl ölkə olmaq öhdəliyini nümayiş etdirməkdir: “Qeyd edək ki, vörkşop çərçivəsində Azərbaycana səfər edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndə heyəti və rəqəmsal hökumət sahəsində nüfuzlu beynəlxalq ekspertlər bir sıra şirkət və qurumlarda görüş, səfərlər həyata keçirib. Belə ki, səfərin ilk günündə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə baş tutan görüş zamanı nümayəndə heyətinə Azərbaycanın rəqəmsal hökumət sahəsində əldə etdiyi mühüm nailiyyətlər barədə ətraflı məlumat verilib. Daha sonra xarici qonaqlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini ziyarət edərək burada yaradılan şəraitlə tanış olublar. Bununla yanaşı, nümayəndə heyəti ASAN Xidmət mərkəzinin fəaliyyəti, elektron hökumət quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərlə tanış olublar”.