BAYRAQDAR MEDİA – İyulun 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, İsgəndər, Lalə və Toğrul Sərdarlıların əl işlərindən ibarət “Xalqın hikməti, elin sənəti” adlı sərginin açılış mərasimi olub.
Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “açılış mərasimində bir çox dövlət xadimlərinə, sənət nümayəndələrinə, həmçinin tədbirin təşkilatçı tərəflərindən AMİM-nin direktoru Çingiz Fərzəliyevə və Sərdarlılar ailəsinin üzvlərinə söz verilib. Muzeyin direktoru Ç.Fərzəliyəv AMİM-nin belə önəmli tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu və sərgiyə kuratorluq edərkən xüsusi zövq aldığını vurğulayıb. Tədbirdə çıxış edən qonaqların hər biri Sərdarlılar ailəsi ilə tanışlıq xatirələrindən, ələlxüsus onların əl işlərinin yaratdığı yüksək təəssüratlarından bəhs ediblər. Ailənin unudulmuş tətbiqi sənət nümunələrini yenidən fərqli məzmun və formatda ictimaiyyətə təqdimatının milli, etnik kimliyin tanıdılması yolunda əhəmiyyəti də vurğulanıb”.
Sonra xəbərdə deyilir ki, “sərgidə Sərdarlılar ailəsinə məxsus Azərbaycancanda ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilən şərq üslubu ilə hazırlanmış sandıq, sandıqça, mücrü, zinət və digər bəzək əşyaları kimi dəyərli örnəklər nümayiş olunmaqdadır. Azərbaycan irsinə, keçmişinə daim yaxından maraq göstərən Sərdarlılar ailəsi öz əsərlərini yaradarkən xalq sənəti incilərindən, onların üzərini bəzəyən bədii işləmələrdən bəhrələnib. 70 eksponatın yer aldığı vernisajda “Nəbati Sərdarım” , “İrəvani”, “Zəngəzurum”, “Naxış beşiyi” adlı əsərlər, həmçinin kolleksiyanın gözoxşayan xalçaları tədbir iştirakçılarının xüsusi marağına səbəb olan sənət inciləridir”.
Qeyd edək ki, müəlliflərin əsərləri hazırda Macarıstan, Kuzey Kıbrıs, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrin tanınmış, nüfuzlu şəxslərinin kolleksiyalarında saxlanılır. Sərgi bir həftə boyunca davam edəcək.