BAYRAQDAR MEDİA – Bu yaxınlarda Nizami Kino Mərkəzində “Şəhidlər zirvəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya tədbirin təşkiltaçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Fərahim Sadiqi məlumat verib.
Bildirilib ki, ideya müəllifi və rəhbəri Vaqif Şahsuvarov, rejissoru və ssenari müəllifi Nazim İmanov və Ələkbər Qasımov olan “Şəhidlər zirvəsi” adlı filmin təqdimatında şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, media nümayəndələri və sənət adamları iştirak ediblər.
Qeyd olunub ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib və “Şəhidlər zirvəsi” sənədli filmi nümayiş olunub.
Məlumata əsasən, tədbiri giriş sözü ilə layihənin ideya rəhbəri Vaqif Şahsuvarov açıb. O, qeyd edib ki, şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər zirvəsi” Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun tarixi abidəsi olan Əlincə qalasının 1800 metr yüksəkliyində yerləşir. Zirvə Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinə həsr olunub.
Çıxışda o da diqqətə çatdırılıb ki, bu filmin çəkilməsində əsas məqsəd Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini əbədiləşdirmək, onların qısa, lakin mənalı ömrünü bütün gənc nəslə aşılamaqdır.
Digər çıxış edənlər isə bildiriblər ki, film layihənin ideya müəllifi və rəhbəri Vaqif Şahsuvarovun zəhməti ilə 3-4 ay müddətində ərsəyə gəlib. Filmdə yalnız şəhidlərin amalı, qayəsi yox, həm də bütöv bir Azərbaycan xalqının arzusu, niyyəti əks olunub.
Sonra təltiflər olub və layihənin rəhbəri Vaqif Şahsuvarova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvlük vəsiqəsi, Böyük Zəfər medalı ilə təqdim edilib.
Mərasimin sonunda F.Sadiqin bəstələdiyi “Əsgərnamə” elegiyası qazilərin ifasında və özünün də iştirakı ilə səsləndirilib.