Press "Enter" to skip to content

Qəhrəmanlarımızı tanıyaq… Ata və oğul

Ata - Nəriman, oğul - Orxan Qurbanovlar

Son yeniləmə: 27 İyul 2023 20:50

Gülxar RƏHİMLİ – AJB üzvü, “Xaçmaz” qəzetinin müxbiri

Gülxar RƏHİMLİ
Gülxar RƏHİMLİ

BAYRAQDAR MEDİA – Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətənimizi darda qoymayıb. Onlar yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar.

Xalqımız da haqlı olaraq daim onlarla öyünür, əbədi olaraq qəlblərdə yaşadır. Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnəkdir.

Onların ruhu hər birimizi böyük qələbəyə, torpaqlarımızı azad etməyə, şəhidlərimizin qisasını almağa səsləyir. Hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, hamımız Vətənimizin əsgəriyik. Hər an düşmənləri törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırıq. Bizi yalnız bir amal birləşdirir – Vətən torpaqlarını yağılardan qorumaq, işğalda olan torpaqlarımızı azad etmək.

30 il əsarət altında olan torpaqlarımızı dəmir yumruq ətrafında birləşərək azad etmək hər bir vətənpərvər Azərbaycan oğlunun müqəddəs borcu idi. Nəhayət, 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün ərzində torpaqlarımızı azad etməyi, alnımızdakı qara ləkəni təmizləməyi bacardıq. Bu savaşda qohumlar, qardaşlar, ata və oğullar çiyin-çiyinə döyüşdü. Belə qəhrəman döyüşçülərdən biri Qurbanov Nəriman Hacıağa oğlu və onun oğlu Qurbanov Orxan Nəriman oğludur.

Nəriman Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının azadlığı uğrunda, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə qüsursuz xidmətlərinə görə” I dərəcəli medalları ilə təltif olunub.

Onlar 44 günlük Vətən müharibəsində ayrı-ayrı mövqelərdə vuruşaraq qalıbiyyətin həzzini dadan insanlardır.

Siz də onları tanıyın!

Qurbanov Nəriman Hacıağa oğlu 1978-ci ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1996-cı ildə Azərbaycan Respublikasının hərbi qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 1999-cu ildə xidmətini başa vurmuşdur. Hərbiyə olan sevgisi onu 2002-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi işləməyə sövq edir. 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş, 2020-ci ilin noyabr ayında ehtiyata buraxılmışdır. Ailəlidir, 2 oğlu var.

Qurbanov Orxan Nəriman oğlu 2001-ci ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Beyləqanda yerləşən Tibb Kollecində tibb qardaşı ixtisasına yiyələnmişdi. Hərbi xidmətdə olduğu müddətdə də peşəsini sevə-sevə davam etdirmişdir. 44 günlük müharibədə iştirak etmiş, Şuşa uğrunda döyüşlərə qədər yol keçmişdir.

Hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli , “Vətən müharibəsi İştirakçısı” və “Şuşanın azad edilməsi” medalları ilə təltif olunmuşdur.

Orxan hərbi xidmətini hal-hazırda davam etdirir. Məhz ona görə də onunla söhbət etmək imkanı əldə edə bilmədiyimiz üçün Nəriman Qurbanovu dinləməklə yetinirik.

Nəriman Qurbanov…

İnsanın ürəyi gərək o qədər daş olsun ki, veteranı dinləyərkən kövrəlməsin.

O, danışdıqca olmuş dəhşətləri yenidən yaşayırdı.

“2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə təkan həmin ilin yayında baş vermiş Tovuz döyüşləri, general Polad Həşimovun şəhid edilməsi olmuşdu. Bir ordunun generalının vurulmasının nə olduğunu düşmənə başa saldıq.” Bu sözlər Nəriman Qurbanova məxsusdur.

“Döyüşlər Füzuli istiqamətindən başladı. Mən hərbçi idim. Vəzifə borcumu yerinə yetirirdim. Ancaq hərbi xidmətdə olan əsgərlərin igidliyi məni heyran etdi. Oğlum Orxanı 27 sentyabrda gördüm.

Qorxmursan? – dedim.

Nə qorxmaq, ay ata? – dedi. Elə bil bu uşaq döyüşə yox, toya gedirdi.

27-si səhər saatlarında döyüş başladı. Oğlum gözümün önündə döyüşə girdi.”

Ata bu hadisəni film kimi izləyib. Orxandan oktyabrın 12-nə kimi xəbər çıxmayıb. Deyir, “1941-1945-ci il İkinci Dünya Müharibəsinə həsr olunmuş “Əsgər atası” filmini yaşadım sanki. Sakitlik olan kimi övladımı axtarırdım. Evə də demişdim ki, hər şeyə hazır olun. Ya mənə, ya övladıma nəsə ola bilər. Onu da qeyd etmək istəyirəm ki, hərbçi olduğum üçün ailəm də Xocavənd rayonunda məskunlaşmışdı. Ermənilər dinc sakinlərə də atəş açırdılar. Hər kəs ailəsini döyüş bölgəsindən çıxardı. Mənim ailəm isə getmədi. Dedilər ki, sizi səngərdə qoyub gedən deyilik…

Mən 2016-cı ilin aprel döyüşlərində də olmuşdum. Amma belə mərdlik, cəsarət görməmişdim. Ömründə bir dəfə də olsun döyüşməyən, dağlıq ərazilərdə maşın sürməyən əsgərlərimiz elə qoçaqlıqlar nümayiş etdirirdilər ki, fəxr etməmək mümkün deyildi.

Yuxarı komandanlıq tərəfindən hər hərbçiyə tapşırıq verilmişdi. Mənim işim isə təminat idi. Texniki nəzarət məntəqəsinin rəisi idim. İşim orduya artilleriya xidməti və ərzaq təminatı etmək idi…

Sentyabrın 27-də düşmən təxribata əl atdı və biz də bu təxribatın qarşısını aldıq. Həmin gün çox sayda şəhidimiz oldu. Mənim iş yoldaşlarım Maarif, Xaçmaz rayonundan olan kursant yoldaşım Mahir Məmmədov şəhid oldu…

Azərbaycan ordusu ən güclü ordudur. Mən özümü qəhrəman saymıram. Mən hərbçiyəm. Vəzifə borcumu yerinə yetirirdim. Əsl qəhrəmanlar 18-19 yaşlı gənclər idi. Onların sayəsində biz zəfər çaldıq…

Allah şəhidlərimizə rəhmət etsin! Qazilərimizə can sağlığı versin!

44 günlük müharibədə xalqımızın necə bir və bərabər olduğunun şahidi olduq…

Arxa cəbhənin birliyi sayəsində, onların duaları nəticəsində biz qalib gəldik…

Qalib gəldiyimiz gün mən anama zəng etdim. Dedim ki, “Ana, biz qalib gəldik!”

Mənim bir arzum vardı, Şuşa məscidində dua edim. Allah bunu mənə nəsib etdi. Mən Şuşaya getdim. Şəhidlərimizin qanı tökülən yerləri qarış-qarış gəzdim. Ermənilər torpaqları bizə öz xoşuna verməyib. Biz Ali Baş Komandan cənab İlham Əliyevin və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində o torpaqları can və qan bahasına azad etmişik…”

Nəriman Qurbanov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə
Nəriman Qurbanov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevlə

Vətən müharibəsi iştirakçısının hekayəsini sona qədər dinlədim. O, tarix danışırdı. Özü yaşadığı-yaratdığı tarixi. Bizim vəzifəmiz isə bu tarixi qələmə almaqdır.

Maraqlı söhbət üçün sizə təşəkkür edirik, Nəriman müəllim.

Nəriman Qurbanov artıq ehtiyatda olan zabitdir. Orxan isə müddətdən artıq xidmətdədir…

Bu gün üçrəngli bayrağımız Qarabağda dalğalanırsa, biz qalıb millətik…

Yaşasın xalqımız, millətimiz, dövlətimiz!!!

Mission News Theme by Compete Themes.