BAYRAQDAR MEDİA – Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində keçiriləcək. Tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, sentyabrın 3-4-də isə Bakı şəhərində davam edəcək”.
Sonra xəbərdə, “ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkədə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq” deyə qeyd olunur.
Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.
Qeyd edək ki, forumda iştirak etmək istəyən şəxslər 25 avqust 2023-cü il tarixinədək Nazirliyin internet saytında yerləşdirilən onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.