BAYRAQDAR MEDİA – XXI əsr olmasına baxmayaraq qızların təhsil alması indi də çox çətindir. Əksər ailələr müxtəlif səbəblərdən qızları təhsildən yayındırırlar. Düzdür, maddi imkanı aşağı olan ailələr də var. Bir çox ailələr bu səbəbə görə övladlarına təhsil verə bilmirlər. Ancaq biz ən ucqar kənddə heç bir müəllim yanına hazırlığa getmədən qəbul imtahanında yüksək nəticə göstərən şagirdləri də görürük. Yəni maddi imkanın aşağı olması hər zaman əsas səbəb deyil.
Sözümə qızların təhsil alması ilə başlamışdım. İndiki vaxtda çətin idisə, haradasa bir 50 il əvvəl daha da çətin idi. Hələ üstəlik o dövrdə kənd yerində yaşayan ailə üçün. Lakin mənim anam – Nərgiz İsrafilova o zaman böyük hünər göstərib öz istəyinin, arzusunun ardınca gedib, həm də heç bir maneəni ciddiyə almayaraq. İstəyirəm həmin mübarizədən – anamın universitetə qəbul olmaq üçün keçdiyi çətin yoldan danışım. Yaxşı olar ki, bu hadisəni onun sözləri ilə paylaşım:
“O vaxtlar (1974-cü il) oxumağa yaxşı baxmırdılar. Hələ qızların oxumağına ümumiyyətlə müsbət baxan yox idi. Hətta oxumağa normal baxan valideynlər belə kənar təsirlərə məruz qaldıqlarından qızlarını oxutmaq istəmirdilər. Mən isə orta məktəb vaxtı əvvəldən söz vermişdim ki, oxuyacağam. Fizikanı çox sevirdim və “fizika müəlliməsi olacağam” deyirdim. Nəhayət 17 yaşım tamam olanda sənədlərimi verdim instituta. O zamanlar qəbul üçün 4 imtahan vermək lazım idi. Hər imtahanın da vaxtı ayrı-ayrı vaxtlarda idi. Gecələr oyaq qalıb lampa işığında sürəkli hazırlaşmağımın bir nəticəsini görməli idim mütləq. Ancaq gəl gör ki, imtahan vaxtı məni imtahana aparan olmadı. Mən də vəziyyətin belə olduğunu görüb gizlicə çamadanımı yığdım, pul götürüb evdən qaçdım. Kəndin əsas yoluna çıxıb gizlənə-gizlənə getməyə başladım. Şükür ki, qarşıma bir maşın çıxdı. Başqa kənddən gəlib bizim kənddə işləyən biri idi deyəsən. Çünki buraları çox tanımadığı bəlli idi. Ona Bakıya imtahana getdiyimi dedim. O adam isə sağ olsun, yaxşı biri idi. Mənə kömək etdi. Rayonun mərkəzinə aparıb qatara bilet aldı. Qatar gələnədək mənimlə bir neçə saat oturub gözlədi və qatar gələndə məni yola saldı. Özünün də ünvanını kağıza yazdı ki, sonradan mütləq onunla əlaqə saxlayım, imtahan nəticələrini ona da bildirim. Ancaq təəssüf ki, ünvanını yazdığı kağızı itirdim və o adamı sonradan axtarsam da tapa bilmədim.
“O, məni yola saldı, Bakıya gəldim. O vaxt imtahanlar V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda olurdu, onun ünvanını da bütün taksilər bilirdi deyə imtahan yerini tapmaq çətin olmadı. İmtahan yerinə çatanda gördüm qardaşım Sərxan və yeznəmiz Baloğlan məndən əvvəl oradadır. “Narahat olma, sən get rahat ver imtahanı, biz burda gözləyirik səni” dedilər. İmtahanı verdim və qardaşımgillə gəldik kəndə. Evdə çox danlaq eşitdim. Növbəti 3 imtahana getmək isə problem oldu. Yenə evdən qoymadılar. Hətta lələm (anamgil atalarına “lələ” deyərlərmiş) kənddə özünü pis hiss edirdi ki, camaat deyəcək: ”İsa kişi qız oxudur”. Mən bunun normal bir şey olduğunu lələmə və insanlara izah edə bilmirdim o zamanlar. Ancaq lələm də görürdü ki, mən çox istəyirəm oxuyam. Çox yalvarışdan, nəzir-niyazdan sonra növbəti imtahanlarda Bakıya lələmin mənimlə getməsinə razılıq aldım. Kənddə lələmin mənimlə getdiyini heç kim görməsin deyə biz axşamçağı hava qaralanda kənddən Bakıya çıxırdıq. Çünki görsəydilər, ”qız oxutmağa aparır” deyəcəkdilər.
“Mən Bakıda imtahan verən zaman lələm çöldə gözləyəndə orada nə qədər insanın olduğunu və hər kəsin də öz övladlarını imtahana gətirdiklərini görəndə onun da düşüncələri dəyişməyə başladı. Hətta orada Gürcüstandan olan bir kişi ilə tanış olub söhbət ediblər. Kişi ona deyib ki, sən şükür elə ki, qızın ilk dəfədən yaxşı keçir imtahanlardan, mən 4 ildir qızımı gətirirəm imtahana, hər dəfə kəsilir.
“Bu fikirləri duyduqca, orada uşaqlarını gözləyən valideynləri gördükcə lələmin də düşüncələri dəyişməyə başladı. Sonralar mənə də deyirdi ki, camaatın hay-küyünə inanıb necə də səhv düşünürmüşəm, oxumaq elə ən çox qıza lazım imiş. Hətta lələm o vaxtı qurban demişdi ki, bu qız qəbul olmasın. Zamanla bu düşüncələrinin də yanlış olduğunu anladı.
“4 imtahanı da verəndən sonra qəbul olanların siyahısını imtahan verilən yerin divarına asmışdılar. Cavablar çıxandan sonra gedib adımı axtarmağa başladım, siyahıda görməyəndə çox məyus oldum. Ancaq siyahıya bir də baxanda gördüm bir qızın adı iki dəfə yazılıb. Birinin qarşısında mənim nömrəm. Məlum oldu ki, ad səhv gedib, onun biri mənim adımdır. O an sevincim yerə-göyə sığmırdı.
“Beləliklə mən instituta qəbul olundum, 5 il oxudum. 1979-cu ildən kəndimizdə müəllim kimi işləməyə başladım.
“Kənddə yaşlı seyid bir xanım vardı. Mən hələ imtahanları verən zaman ona nəzir etmişdim ki, qəbul olunub, oxuyub, bitirib işləyəndən sonra ilk aldığım maaşın hamısını ona verəcəyəm. Amma mən institutu bitirib, işləyib ilk maaşımı alan zaman o qadın rəhmətə getmişdi. Mən də pulu (maaşımı) onun ailəsinə verdim.
“Ancaq indi təəssüfləndiyim hal odur ki, o vaxtı qarşıma çıxıb mənə kömək edən həmin şəxsi (hətta qatar pulumu da o vermişdi) sonradan tapa bilmədim. O insanın etdiyi yaxşılıqlar məni bu dünyada yaxşı insanların da olduğuna inandırdı. Mənim oxumağıma səbəbkardır əsas o şəxsdir”.
Mən çalışdım ki, bu hekayəti bir qədər qısa şəkildə paylaşım. Ancaq onu daha təfərrüatlı şəkildə anamdan dəfələrlə dinləmişəm. Hər dəfə dinləyəndə də qəribə bir hiss gəlir mənə. Ən əsası isə fəxarət hissi. Bəli, mən həmin qadının qızıyam və çox sevinirəm ki, bu çətinliklərlə baş edib sonda qalib çıxan belə bir anam var. Bu gün ətrafda, ali təhsillilərin az olduğu o kənddə (Saatlı rayonunun Dəllər kəndi), həmçinin çox yerdə hər kəs ona ehtiram göstərib, hörmətlə “müəllimə” deyərək çağıranda bu mənə daha da qürur hissi verir. Hətta bəzən mən nəsə bir şey etmək istəyəndə və anam bununla razı olmayanda bir az da zarafatla, “niyə razı deyilsən ki, mən ki, sənin qızınam. Anası o qədər çətinliklərlə baş edib istəyinə yetibsə, mən də deməli ondan daha çox şeylər edə bilərəm” deyirəm.
Bir çox mövzularda anamla söhbətimiz tutmasa belə yenə onun kimi anam olduğu üçün çox sevinirəm.
Bu hekayətdə mənim də ən təəssüfləndiyim hal isə anama kömək edən insanı onun sonradan tapa bilməməsidir. Hərdən anama deyirəm ki, gedək axtaraq bəlkə o adamı? Anam da, ”yəqin o, indiyə rəhmətə getmiş olar” deyir…
Amma anam ona dünyada yaxşı insanların da olduğuna inandıran o şəxsi həmişə xatırlayır…