BAYRAQDAR MEDİA – BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “giriş sözü ilə çıxış edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens vurğulayıb ki, iqlim dəyişikliyi, bunun uşaqlara təsiri və ətraf mühit sağlamlığına aid məsələlər təmsil etdiyi təşkilatın fəaliyyətinin prioritet sahələrindən biridir. Onun sözlərinə görə, Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə 2023-cü ilin mart-iyun aylarında bir qrup milli ekspert tərəfindən Azərbaycanda uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı məsələlərinə dair çevik qiymətləndirmə aparılıb. Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov dəyirmi masanın əhəmiyyətli mövzuya həsr edildiyini bildirib. Onun sözlərinə görə, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq SN vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır. Nazir müavini əhalinin sağlamlığının qiymətləndirməsi ictimai səhiyyənin əsas istiqamətlərindən biri olduğunu deyib. İ.Qasımov ekoloji təhlükələrin insan sağlamlığına birbaşa və dolayı təsirlərindən də bəhs edib”.
Dəyirmi masada həmçinin Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov, ATU-nun I daxili xəstəliklər kafedrasının dosenti, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri İsmayıl Əfəndiyev və digərləri çıxış ediblər.
Tədbirdə aparılmış təhlillərin nəticələri (əsas ekoloji problemlər, səhiyyə sisteminin təhlili, uşaqların ətraf mühit təhlükələrinə məruz qalması, havanın çirklənməsi və s.) ilə bağlı təqdimatlar edilib və müzakirələr aparılıb.