Son yeniləmə: 26 İyul 2023 14:11
BAYRAQDAR MEDİA – Bəhramtəpə Melioservis İdarəsi Azərbaycanın bir neçə rayonunda kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması və yeni nov kanalların çəkilişini həyata keçirir.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, görülən işlər nəticəsində torpaqlar meliorativ cəhətdən yaxşılaşır, şoranlaşmanın və su itkisinin qarşısı alınır, əkilən kənd təsərrüfatı bitkilərindən bol məhsul əldə edilir: “Hazırda idarə tərəfindən Neftçala rayonu ərazisində nov kanallar yeniləri ilə əvəz olunur. Həm suya qənaət, həmdə suvarma suyunun fermerlərə dah tez və asan çatdırılması baxımından önəmli rola malik olan bu nov kanalların keçdiyi ərazilərdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri, o cümlədən pambıq əkilir. İşlərin yaxın vaxtlara yekunlaşdırılması nəzərdə tutulub”.
O da bildirilib ki, Bəhramtəpə Melioservis İdarəsi Neftçala rayonu ilə bərabər hazırda Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olan sol sahil kollektorda lildən təmizləmə işlərini davam etdirir: “Bundan başqa Füzuli rayonu ərazisində Haramı torpaq məcralı kanalın beton üzlüyə alınması, İmişli rayonunda iki kanalın nov kanallarla əvəzlənməsi işləri nəzərdə tutulub”.